Gəncliyə Yardım Fondu haqqında yayılan məlumatlarla bağlı Rəsmi açıqlama

Gəncliyə Yardım Fondu olaraq bildiririk ki, 17 oktyabr 2026-cı il tarixində, Qafqazinfo saytı başda olmaqla, bir sıra xəbər portallarında Türkiyə Respublikasının xarici işlər naziri cənab Hakan Fidanın Gəncliyə Yardım Fondunun binasını ziyarət etməsi və burada gənclərlə görüş keçirməsi barədə yayımlanan “Hakan Fidanın Gəncliyə Yardım Fondundakı görüşünün pərdəarxası” başlıqlı məlumat həqiqəti əks etdirmir və əsassız iddialara söykənir.

Bildiririk ki, cənab Hakan Fidan ilə Fond rəhbərliyi arasında görüş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısının keçirildiyi məkanda qısa, ayaqüstü söhbət şəklində baş tutmuşdur. Söhbətin sonunda isə adi bir xatirə şəkli çəkilmişdir. Bu faktın fərqli şəkildə təqdim olunması və hadisənin həqiqi məzmununa uyğun gəlməyən iddiaların yayılması ictimaiyyətdə yanlış təsəvvürlərin formalaşmasına zəmin yaradır.

Təəssüf doğuran haldır ki, faktlara əsaslanmayan məlumatların yoxlanılmadan yayılması ictimai rəyin yanlış istiqamətdə formalaşmasına səbəb olur. Bu baxımdan, media nümayəndələrini məlumatları dərc etməzdən əvvəl onların doğruluğunu və etibarlılığını yoxlamağa, rəsmi mənbələrə istinad etməyə, jurnalistikanın peşə etikası və obyektivlik prinsiplərinə riayət etməyə çağırırıq. İctimaiyyətin dəqiq, qərəzsiz və obyektiv məlumatlandırılması medianın əsas vəzifələrindən biridir.

Qeyd edirik ki, Gəncliyə Yardım Fondu Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə yaradılmış və fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyasına, eləcə də “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilən ictimai təşkilatdır.

Fond uzun illərdir Azərbaycanda humanitar yardım, təhsil, sosial dəstək və maarifləndirmə istiqamətlərində fəaliyyət göstərərək cəmiyyətin rifahına, gənclərin inkişafına və milli-mənəvi dəyərlərin qorunmasına töhfə verir. Eyni zamanda, ehtiyac sahibi ailələrə, şəhid ailələrinə və qazilərə dəstək göstərir, təhsil və maarifləndirmə layihələri həyata keçirir, xeyriyyə təşəbbüsləri vasitəsilə cəmiyyətdə sosial həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir.

Gəncliyə Yardım Fondu bundan sonra da fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, şəffaflıq, məsuliyyət və ictimai etimad prinsipləri əsasında davam etdirəcəkdir.

Gəncliyə Yardım Fondu