Sosial Fəaliyyətlər Uşaqların Gözü ilə “Zəfərimiz” adlı Rəsm Müsabiqəsinin Qalibləri Mükafatlandırılıb

Uşaqların Gözü ilə “Zəfərimiz” adlı Rəsm Müsabiqəsinin Qalibləri Mükafatlandırılıb

62

Bu gün Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına konferans zalında Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Bakı Şəhəri məktəbliləri arasında  “Uşaqların Gözü ilə Zəfərimiz” adlı rəsm müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə Vətən Müharibəsinin şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiklal Marşı səsləndirilib.

Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim tədbir iştirakçılarına təşəkkür edib. O, bildirib ki, müsabiqədə tutduqları yerdən aslı olmayaraq hər bir iştirakçı təşkilatçılar tərəfindən qalib olaraq qiymətləndirilir və onların hər biri bizim üçün bir incidir.  

Bakı Şəhər Gənclər İdman Baş İdarəsinin rəisi Rafiq Abbasov çıxış edərək məktəblilərin çəkdiyi rəsimləri yüksək qiymətləndirib və gəlcəyimiz olan bu şagirdləri vətənpərvər ruhda yetişdirən  müəllim və valdiyinlərə təşəkkür edib.

T.C Bakı Böyükelçiliyin Daxili İşlər Müşaviri General mayor Nuri Öztürk Azərbaycan və Türkiyə qardaşlığının əbədiliyindən bəhs edib və məktəblilərə gələcək fəaliyyətlərində uğur və müvəffəqiyyətlər arzulayıb.

Milli qəhrəman General Polad Həşimovun anası Səmayə Həşimova məkətblilərin çəkdiyi rəsmlərin çox gözəl və məna yüklü olduğunu qeyd edib. Səmayə Həşimova eyni zamanda Türkiyə Cümhuriyyətinin rəhbərliyinə və xalqına Vətən Müharibəsində Azərbaycan xalqının yanında olduqlarına və dəstəklərini əsirgəmədiklərinə görə öz təşəkkürünü bildirib.

Tədbirdə Vətən müharibəsi qaziləri gizir Əliyev Xəzər və Həsənov Fərid çıxış edərək rəsmlərdə əks olunan zəfər dolu kompazisiyaların onları qürurlandırdığını dilə gətirib və tədbirin təşkilatçılarına dəvət üçün öz təşəkkürlərini bildiriblər.

“Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bütün tədbir iştirakçılarını salamlayaraq tədbirdə əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib, xüsusilə münsiflər heyətinin bu məsuliyyətli işdə obyektiv münasibətlərini yüksək qiymətləndirib.

Münsiflər heyəti adından çıxış edən Elnurə və Aygün İsgəndərova bacıları bütün işlərin müsabiqənin nizamnaməsinə uyğun və obyektiv dəyərləndirildiyini qeyd ediblər. 

Daha sonra mükafatlandırma mərasiminə baş tutub. İlk olaraq müsabiqənin münsiflər heyətinə təşkilatçılar tərəfindən hədiyyələr təqdim olunub. Bundan sonra müsabiqədə fərqlənən və qalib şagirdlərə sertifkat və müxftəlif hədiyyələr təqdim edilib.

Qeyd edək ki, 200-dən çox rəsm əsəri təqdim olan müsabiqədə birinci yerin qalibi Sabunçu rayionu 4 N-li tam orta məktəbin 11-ci sinif şagirdi Səidə Babayeva, ikinci yerin qalibi  İncəsənət Gimnaziyasının 7-a sinif şagirdi Zəhra Məmmədli, üçüncü yerin qalibi  132-134 Təhsil Kompleksinin 6-cı sinif şagirdi Ayla İsmayilova olub.