Sosial Fəaliyyətlər “Nizami Gəncəvi irsi və gənclik” kitabının təqdimatı keçirilib

“Nizami Gəncəvi irsi və gənclik” kitabının təqdimatı keçirilib

28

12 fevral 2022-ci ildə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Nizami Gəncəvi irsi və gənclik” adlı layihə çərçivəsində eyniadlı kitabın təqdimat mərasimi keçirilib.

Tədbirdə alimlər, tanınmış yazarlar, yeni nəsil araşdırmaçılar, ədəbiyyatsevərlər, gənc oxucular iştirak ediblər.

Gəncliyə Yardım Fondunun akt zalında baş tutan tədbirdə fondun əməkdaşı Eldar Kərimov qonaqları salamlayıb, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının və Türkiyə Respublikasının dövlət himnləri səsləndirilib.

Bundan sonra DGTYB-nin başqanı, layihənin rəhbəri İntiqam Yaşar tədbiri açıq elan edərək, iştirakçılara təşəkkürünü bildirərək, işıq üzü görən kitabda yer alan müəllifləri təbrik edib. Nizami Gəncəvi ilində görülən işlərin davamı kimi yeni nəsil araşdırmaçıların və yazarların yazılarından ibarət çap olunmuş bu kitabın ədəbi ictimaiyyət üçün mühüm əhəmiyyətə malik olduğunu vurgulayıb.

Kitabın redaktorunun tanınmış alim filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva, ekspertinin Milli Məclisin Mədəniyyət komitəsinin eksperti şair-publisist Əkbər Qoşalı, tərtibatçı-dizaynerinin DGTYB-nin İH üzvü Sərvər Kamranlı olduğunu bildirib. Bundan sonra o qonaqlara çıxış üçün söz verib.

Tədbirdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin eksperti , şair-publisist Əkbər Qoşalı çap olunmuş kitabın məziyyətlərimdən bəhs edərək, Nizami Gəncəvi irsinin xalqımızın düşüncə, mənəviyyat yaddaşında böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Fəlsəfi elmləri üzrə fəlsəfə doktoru Mail Yaqub Nizami Gəncəvi yaradıcılığını geniş şəkildə təhlil edib, böyük şairin insan mənəviyyatının kamilliyinə yol açan əsərlər yaratmaqla böyük bir xəzinə qoyub getdiyini diqqətə çadırıb.

Gəncliyə Yardım Fondunun Prezidenti Əhməd Tecim isə çıxışında Türk Dünyasının bütövlüyündə, kamilliyində Nizami Gəncəvi kimi böyük şəxsiyyətlərin əsərlərinin ən böyük yol xəritəsi, könül coğrafiyalarının bütövlüyünə işıq olduğunu söyləyib.

Daha sonra kitabda yazıları yer alan müəlliflərdən Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin üzvü Elmin Nuri, AYB-nin üzvü Aygün Yaşar, filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz İsmayılova, kinoşunas-yazar Ceyhun Mirzəli, AMEA-nın dissertantı Orxan İsayev, ADPU-nun Quba filialının müəllimi Nuranə Allahverdiyeva, gənc yazarlar Ümid Nəccari, Yusif Nazim, icimaiyyət nümayəndələri Gülnarə Vəlixanlı, Arzu Əliyeva çıxış edərək Nizami Gəncəvi yaradıcılığı və layihənin əhəmiyyəti haqda fikirlərini bölüşüblər.

Tədbirin sonunda “Nizami Gəncəvi irsi və gənclik” kitabı oxuculara paylanılıb, müəlliflər və tədbir iştirakçıları müvafiq diplomlarla təltif olunublar.