Gəncliyə Yardım Fondunda Tərəqqi İnkişaf Mərkəzinin “Yay Düşərgəsi” layihəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə Gəncliyə Yardım Fondunun rəhbəri Salih Zeki Meriç, Fondun idarə heyətinin üzvləri, Tərəqqi İnkişaf Mərkəzinin müdavimlərinin valideynləri və müəllimləri iştirak ediblər.
Torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə mərasim açıq elan edilib. Düşərgənin fəaliyyətlərini əks etdiriən video rolik təqdim olunub.
Gəncliyə Yardım Fondunun rəhbəri Salih Zeki Meriç çıxış edərək Tərəqqi İnkişaf Mərkəzinin həyata keçirdiyi “Yay Düşərgəsi” layihəsini yüksək qiymətləndirib. O bildirib ki, gənclərin asudə vaxtlarının səmərəli təşkili, bilik və bacarıqlarının inkişaf etdirilməsi, milli-mənəvi dəyərlər ruhunda formalaşması istiqamətində həyata keçirilən bu cür layihələr cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir. Salih Zeki Meriç vurğulayıb ki, dövlət və ictimai qurumlar arasında əməkdaşlıq çərçivəsində reallaşdırılan təşəbbüslər gənclərin hərtərəfli inkişafına, sosial məsuliyyət hissinin formalaşmasına və gələcəyin savadlı, vətənpərvər və fəal vətəndaşlarının yetişməsinə mühüm töhfə verir.
Dr. Rüfət Şirinov və Fuad Quliyev çıxışlarında layihənin uşaqların yoldaşlıq, dostluq kimi insani hislərinin formalaşmasında və milli-mənəvi dəyərlərin mənimsənilməsində böyük rol oynadığını qeyd ediblər.
Daha sonra çıxış edən Tərəqqi İnkişaf Mərkəzinin rəhbəri Bəhram Sadiqov layihənin həyata keçirilməsində dəstək olan Gəncliyə Yardım Fondunun və Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək İctimai Birliyinin rəhbərliyinə, Mərkəzin müəllimlərinə, valideynlərə və uşaqlara təşəkkür edib.
Tədbirin sonunda “Yay məktəbi” layihəsində keçirilən müxtəlif müsabiqələrdə yer tutan şagirdlərə sertifikatlar təqdim olub.
















