Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Peyğəmbərimiz Hz.Muhammədin (s.ə.s) mübarək Mövlud günü ilə əlaqədar olaraq İrfan İctimai Fikir jurnalının kollektivi tərəfindən “Ən Gözəl İnsan-Hz. Muhamməd (s.ə.s) adlı tədbir həyata keçirilib. Keçirilən tədbirdə Türkiyədən gələn qonaqlar, Şırnak Universitetinin Dosenti İbrahim Baz və Rəcəb Tayyib Ərdoğan Universitetinin müəllimləri İbrahim Erol və Abdulrahman Acer də iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə İrfan Jurnalının baş redaktoru Nurlan Məmmədzadənin müqəddəs məkanları özündə əks etdirən foto-sərgisi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan İrfan İctimai Fikir jurnalının baş redaktoru Nurlan Məmmədzadə bu günün fəzilətindən qısa olaraq danışıb və ürək sözlərini söyləməsi üçün qonaqlara söz verib.
İlk olaraq Bakı İslam Universitetinin müəllimi Anar Qurbanov öz çıxışında Hz. Peyğəmbərin Əhli Kitabla Münasibəti haqqında danışıb. O qeyd edib ki, Hz. Peyğəmbərin gəlişinə qədər Ərəb yarımadasındakı qəbilələr və dini qruplar arasında davamlı müharibə və çəkişmə olduğu halda Hz. Peyğəmbərin gəlişindən sonra onlar arasında sülh və tolerantlıq hökm sürmüşdür.
Daha sonra çıxış edən Türkiyə Cumhuriyyəti Rəcəb Tayyib Ərdoğan Universitetinin müəllimi İbrahim Erol son zamanlar Hz.Peyğəmbərin (s.ə.s) nümunəvi həyatına və prinsiplərinə kölgə salmaq istəyən mənfur din düşmənlərinin qərəzli mövqelərini qınayıb. O, öz çıxışında qeyd edib ki, Peyğəmbərin (s.ə.s) vəzifəsi Quranı sadəcə bizlərə çatdırmaqla yekunlaşmayıb, eyni zamanda onun nümunəvi həyat tərzi bizim həyat yollarımızı nurlandıracaq bir qəndildir.
Panel üslubunda keçirilən tədbirdə çıxış edən Şırnak Universitetinin Dosenti İbrahim Baz da Peyğəmbər (s.ə.s) Əfəndimizin nümunəvi ailə başçısı, əladəltli idarəçi və gənclərə doğru yolu göstərən liderlik vəsflərindən danışıb.
Tədbirin sonunda ürək sözlərini söyləməsi üçün Gəncilə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış edib. Natiq öz çıxışı zamanı tədbirə təşrif buyuran hər kəsə öz minnətdarlığını bildirib. Belə gözəl bir tədbiri təşkil etdiyi üçün hər kəsə təşəkkür edib.
Mövlüd tədbirinin sonunda tədbirə gələn qonaqlara İrfan jurnalları və kitablar hədiyyə edilib.