Sosial Fəaliyyətlər Şəhidlərimizi Rəhmətlə Anırıq

Şəhidlərimizi Rəhmətlə Anırıq

2

26.07.2016-cı il tarixində ölkəsinin  gələcəyini qorumaq üçün özünü fəda edən və bu yolda şəhid olan millətinə sadiq əsgər, polis və qəlbi imanla dolu Türkiyə vətəndaşlarına Allahdan rəhmət diləmək və onların xatirəsini yad etmək məqsədilə Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə “Şəhidlərimizi Rəhmətlə Anırıq” adı altında Azərbaycan və Türkiyə şəhidərini anma tədbiri keçirilib. Tədbirdə dövlət və hökumət nümayəndələri, QHT rəhbərləri və KİV nümayəndələri iştirak edib.

 Tədbir vətənin azadlığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycanın Respublikasının dövlət himni və Türkiyə Cumhuriyyətinin istiqlal marşı ilə açıq elan edilib. Daha sonra Türk millətinin birliyini və yenilməzliyini özündə əks etdirən video rolik qonaqlara təqdim edilib. 

Tədbirdə çıxış edən T.C. Bakı Böyükelçiliyinin Mətbuat Müşaviri Hamit Karadeniz 15 iyul 2016-cı il tarixində Türkiyədə baş verən dövlət çevrilişinə cəhd hadisələri zamanı insanların uşaq, gənc, qoca demədən birlik olub öz milli iradələrinə sahib çıxmalarından və tanka, silaha qarşı əliyalın mübarizələrindən danışıb. O qeyd edib ki, istər xairici qüvvələrin, istərsə də FETÖ terrror təşkilatı kimi sapı özümüzdən olan baltaların xain niyyətləri baş tutmadı və baş tutmayacaqdır.   

T.C. Bakı Böyükelçiliyinin çalışma Müşaviri Namık Ata da öz çıxışında dövlətə və millətin iradəsinə qarşı yönələn xain planların yolverilməz olduğunu vurğulayıb. O qeyd edib ki, bu tarixdə baş verən dövlət çevrilişinə cəhd hadisələri zamanı təyyarələrin, tankların və silahların qarşısında əliyalın Türk millətinin şücaəti və dirayəti  xalqın birliyini və bərabərliyini yenidən bərqərar etmişdir. Xalqın milli iradəsinin məhv edilməsinə xidmət edən bu çirkin oyuna alət olan xainlər bir daha anladılar ki, millət əyilmədən vətən bölünməz.

Tədbirdə Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin Bakı şəhəri üzrə proqram koordinatoru Mustafa Haşim Polad da çıxış edərək gənclərimizin könlündəki vətən eşqindən danışıb. Dövlət çevrilişi etməyə cəhd edən və milli iradəni məhv etməyə çalışan FETÖ terror təşkilatının xain planını pisləyib. O qeyd edib ki, son hadisələrdən də gördük ki, artıq insanlarımız əvvəlki tarixlərdə başına gətirilən müsibətlərdə səssiz qalan insanlar deyil, haqsızın qarşısında öz sözünü deyən və bu yolda canını belə qurban verə bilən insanlardır. 

Daha sonra çıxış edən Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının Sədri Ahmet Tecim bu gün istər Azərbaycanın, istərsə də Türkiyənin istiqrarı canlarını belə düşünmədən vətən uğruna qurban verən şəhidlərimizin mirasıdır deyib. O qeyd edib ki, 20 yanvar hadisələrində Azərbaycanda silahsız insanların necə tankların və silahlı əsgərlərin qarşısında dayanaraq canları bahasına bu torpaqlara xarici qüvvələrin müdaxiləsinə mane oldularsa, 15 iyul hadisələrində də eynilə bu şəkildə Türk milləti bu duruşu sərgilədi. Bu tarix Türkiyə Cumhuriyyəti üçün sözün əsl mənasında yeni bir tarixin başlanğıcına çevrildi. İnanırıq ki, Türkiyəni xaosa sürükləmək istəyən insanların xain planları, İlahi ədalətə uyğun olaraq, xalqın da birlik və bərabərliyi nəticəsində süquta uğradı. Bununla birlikdə xalqlarımız hər zaman olduğu kimi bu ağır günlərdə də, “Bir Millət İki Dövlət ” düşüncəsinə sadiq qalaraq, ruhən qardaşlıq səfərbərliyi içərisində oldular. Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının da son hadisələri Türkiyənin dövlətçiliyinə, digər tərəfdən Türk xalqına, onun iradəsinə və seçiminə qarşı törədilən dəhşətli cinayət adlandırması və Türkiyə hökumətinə öz dəstəyini bildirməsi iki dövlət arasında olan  qardaşlığın ən böyük təcəssümüdür.

Tədbirin sonunda mövlud oxunub və şəhidlərin adına ehsan süfrəsi açılıb.