Sosial Fəaliyyətlər GYF Rəhbərliyi İslam Həmrəyliyi – Zamanın Çağırışı Beynəlxalq Konfransında İştirak Edib

GYF Rəhbərliyi İslam Həmrəyliyi – Zamanın Çağırışı Beynəlxalq Konfransında İştirak Edib

0

Martın 15-i Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə  Bakıda Rusiya, Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Belarus, Ukraynanın tanınmış dövlət, elm və din xadimləri, Azərbaycandakı dini konfessiya rəhbərləri, hökumət, ictimaiyyət və parlament üzvləri, diplomatik korpusların nümayəndələrinin iştirakı ilə “İslam Həmrəyliyi – Zamanın çağırışı” mövzusunda keçirilən beynəlxalq konfransda dünya ictimaiyyətinə müraciət qəbul olunub.

“İslam Həmrəyliyi – Zamanın çağırışı” mövzusunda keçirilən beynəlxalq konfransdan əvvəl Azərbaycan dövlət himni səslənib, müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, sonra isə İslam həmrəyliyinə töfhələrini əks etdirən film nümayiş edilib.

Bütün Qafqazın Şeyxi Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Həzrətləri çıxış ederək  bildirib ki, İslamın təlqin etdiyi birlik, ədalət, əxlaqi təkamül ideyaları həm müsəlman ümməti, həm bütün qeyri-müsəlmanlar üçün mühüm dəyər kəsb edir.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı beynəlxalq miqyasda sülhə, əmin-amanlığa nail olmaq, müxtəlif yönümlü münaqişələri aradan qaldırmaq, milli, dini, irqi zəmində nifrət və qarşıdurmalara son qoymaq, bəşəriyyətin üzləşdiyi sosial, iqtisadi, ekoloji, demoqrafik və s. problemləri həll etmək üçün bu çağırışlara vaxtında cavab olduqca vacib olduğunu qeyd edib.

Tədbirdə iştirak edən hökumət, ictimaiyyət və parlament üzvləri, diplomatik korpusların nümayəndələri öz çıxışlarını ictimaiyyətə təqdim edib.

Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması faktının özü XXI əsrdə bəşəriyyətin mənəvi ehtiyac duyduğu və zamanın tələblərinə cavab verən qlobal çağırış olduğu qeyd olunub.

“İslam Həmrəyliyi – Zamanın çağırışı”beynəlxalq konfransının iştirakçıları yekdil şəkildə təsbit ediblər ki, sivlizasiyalar, dinlər, və mədəniyyətlərarası  dialoq sahəsində Azərbaycanda mövcud olan ənənələr, multikulturalizm ideyaları və dini mədəni mühitin inkişafına göstərilən dövlət dəstəyi olduqca təqdirə layiqdir.

Sonda beynəlxalq konfransın iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubunu oxunub. Daha sonra beynəlxalq konfransın dünya ictimaiyyətinə müraciəti qəbul olunub. Bununla da “İslam həmrəyliyi – zamanın çağırışı” beynəlxalq konfransın işi başa çatıb.