Sosial Fəaliyyətlər Türkiyə Cumhuriyyətinin Rəsmiləri Gəncliyə Yardım Fondunun ‎Qonağı Olub

Türkiyə Cumhuriyyətinin Rəsmiləri Gəncliyə Yardım Fondunun ‎Qonağı Olub

0

16-20 Noyabr 2017-ci il tarixlərində  “Türk filmləri həftəsi” çərçivəsində Bakıda səfərdə olan  Türkiyə Cumhuriyyəti Prezidentinin baş müşaviri Yalçın Topçu, AK Parti Ordu Millət Vəkili Metin Gündoğdu və o cümlədən T.C Bakı Büyükelçiliyinin Mədəniyyət Müşaviri İrfan Çiftçi, TRT Bakı Koordinatoru Murat Akkoç və  “Azərbaycan Bayrağı” ordenli İbad Hüseyinli Gəncliyə Yardım Fondunun qonağı olub.

Səmimi çay süfrəsi ətrafında fond rəhbərliyi ilə görüşən qonaqlara Fondun xeyriyyə fəaliyyətləri haqqında geniş məlumat verilib. Qeyd edilib ki, qurulduğu gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda gələcəyimizin təminatçısı olan gənclərimizin milli-mənəvi ruhda yetişməsi üçün görülən işlər qonaqlar tərəfindən yüksək qiymətləndirilib.

Daha sonra qonaqlar Gəncliyə Yardım Fondunun Hacı Zeynəlabdin Tağıyev adına konfrans zalında müxtəlif universitetlərdə təhsil alan tələbələrlə görüşüb.

Tədbiri açıq elan edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim tələbələrə qonaqlar haqqında məlumat verib. Daha sonra çıxış edən  AK Parti Ordu Millət Vəkili Metin Gündoğdu  Türkiyədə təhsil alan Azərbaycanlı  tələbələrə yardım etməyə hazır olduqlarını qeyd edib və gənclərə gələcəkdə öz dəyərlərinə sahib çıxmalarının əhəmiyyətindən danışıb.

Türkiyə Cumhuriyyətinin sabiq Mədəniyyət və Turizm Naziri,  Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu tələbələrə iki dövlətin bir millət olaraq tarixi birlik və bərabərliyindən danışıb.  Natiq tələbələrlə gələcək həyatlarında uğur qazanmalarına kömək olacaq  çox dəyərli fikir və tövsiyyələrini bölüşüb. Çox dəyərli fikirlərə sahib olan və uğurlu fəaliyyətləri ilə tanınan insanlarla görüşdən məmnun olan tələbələr qonaqlara onları maraqlandıran sualları ünvanlayıb və bu dəyərli görüşü təşkil etdikləri üçün Gəncliyə Yardım Fondunun rəhbərliyinə təşəkkür ediblər.

Görüşün sonunda xatirə hədiyyəsi olaraq qonaqlara “Keçmişdən günümüzə Azərbaycan-Türkiyə xeyriyyəçilik ənənəsi- QARDAŞ KÖMƏYİ”  kitabı təqdim edilib və xatirə şəkili çəkilib.