Sosial Fəaliyyətlər İrfan Jurnalı Oxucularını Bir Araya Topladı

İrfan Jurnalı Oxucularını Bir Araya Topladı

8

Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Peyğəmbərimiz Hz.Muhammədin (s.ə.s) mübarək Mövlud həftəsi ilə əlaqədar olaraq İrfan İctimai Fikir jurnalının kollektivi tərəfindən tədbir həyata keçirilib. Keçirilən tədbirdə Türkiyədən gələn qonaqlar, Əziz Mahmud Hüdayi Vəqfinin nümayəndələri Lokman Helvacı və Şuayib Başkan da iştirak edib.

Tədbiri giriş sözü ilə açan İrfan İctimai Fikir jurnalının baş redaktoru Nurlan Məmmədzadə bu günün fəzilətindən qısa olaraq danışıb və ürək sözlərini söyləməsi üçün qonaqlara söz verib. Lokman Helvacı  son zamanlar Hz.Peyğəmbərin (s.ə.s) nümunəvi həyatına və prinsiplərinə kölgə salmaq istəyən mənfur din düşmənlərinin qərəzli mövqelərini qınayıb. O, öz çıxışında qeyd edib ki, Peyğəmbərin (s.ə.s) vəzifəsi Quranı sadəcə bizlərə çatdırmaqla yekunlaşmayıb, eyni zamanda onun nümunəvi həyat tərzi bizim həyat yollarımızı nurlandıracaq bir qəndildir. Daha sonra çıxış edən Əziz Mahmud Hudayi Vəqfinin nümayəndəsi Şuayib Başkan da öz çıxışında Hz. Peyğəmbərin aləmlərə rəhmət olaraq göndərilməsi və bizlər üçün örnək şəxsiyyət olmasından danışıb.

Panel üslubunda keçirilən tədbirdə Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müəllimləri Səfa Muradov və Dr.Vüqar Səmədov da iştirak edib. İlk olaraq çıxış edən Bakı İslam Universitetinin Zaqatala şöbəsinin hədis müəllimi Səfa Muradov tarix boyu insanların Hz.Peyğəmbəri (s.ə.s) anlatmaq, onu dərk etmək, onu vəsf etmək üçün müəyyən səylər göstərdiyini vurğulayıb. Lakin bəşər olaraq heç bir kəs onu layiq olduğu bir şəkildə bəşəriyyətə çatdıra bilməmişdir. Çünki o elə bir şəxsiyyət idi ki, onu Uca Allah mükəmməl bir şəkildə yaratdığını vurğulayıb. Daha sonra çıxış edən Bakı İslam Universitetinin Zaqatala şöbəsinin hədis müəllimi Dr.Vüqar Səmədov da peyğəmbər (s.ə.s)  əfəndimizin  nümunəvi ailə başçısı, əladəltli idarəçi və gənclərə doğru yolu göstərən liderlik vəsflərindən danışıb.

Tədbirin sonunda ürək sözlərini söyləməsi üçün Gəncilə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış edib. Natiq öz çıxışı zamanı tədbirə təşrif buyuran hər kəsə öz minnətdarlığını bildirib. Belə gözəl bir tədbiri təşkil etdiyi üçün hər kəsə təşəkkür edib.

Mövlüd tədbirinin sonunda tədbirə gələn qonaqlara İrfan jurnalları hədiyyə edilib.