Sosial Fəaliyyətlər Elxan Elatlı GYF-də Gənclərlə Görüşüb

Elxan Elatlı GYF-də Gənclərlə Görüşüb

1

Bu gün GYF Bakı Gənclik Akademiyasının təşkilatçılığı ilə Azərbaycanlı yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü,  Elxan Elatlı (Elxan Əbdürrəhman oğlu Osmanov) Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında müxtəlif universitetlərdə oxuyan gənclərlə görüş keçirib.

Görüşdə Bakı Gənclik Akademiyasının koordinatoru Şükür Əndəlifov, Gəncliyə Yardım Fondunun Mətbuat Şöbəsinin müdiri Eldar Kərimov, Mühasibatlıq şöbəsinin əməkdaşı Həsən Rəşidov, gənc yazarlar və fəal gənclər iştirak edib.

Bakı Gənclik Akademiyasının məsul şəxsi Şükür Əndəlifov qonağı salamlayaraq,  gənclərlə görüşü qəbul etdiyi üçün qonağa təşəkkürünü bildirib və bu görüşdən gənclərin öyrənəcəyi çox dəyərli fikirlərin olduğunu qeyd edib. 

Daha sonra çıxış edən Elxan Elatlı mütəmadi olaraq gənclərlə görüşdüyünü vurğulayaraq, bu gün də burada gənclərlə görüşündən məmnunluğunu bildirib. Müəllifi olduğu “Cəhənnəmdən Gələn Səs” adlı kitabı müzakirə edərək kitab haqqında gənclərə ətraflı məlumat verərərək kitabı yazma səbəbindən söz açıb. Detektiv romanlar müəllifi olan Elxan Elatlı “Cəhənnəmdən gələn səs” romanında XX əsrin ən dəhşətli vəhşiliyi olan Xocalı soyqırımından, erməni əsirliyindəki azərbaycanlıların qorxunc planlara alət edilməsindən və onların tükürpərdici aqibətindən bəhs edib.

Görüşün sonunda geniş oxucu kütləsinin suallarını cavablandıraraq sonda oxucuların kitabını imzalayıb. Gəncliyə Yardım Fondunun rəhbərliyi tərəfindən qonağa xatirə hədiyyəsi təqdim olunub və xatirə şəkili çəkilib.