Sosial Fəaliyyətlər GYF-da Ənənəvi Xeyriyyə Sərgisinin Açılış Mərasimi Keçirilib

GYF-da Ənənəvi Xeyriyyə Sərgisinin Açılış Mərasimi Keçirilib

12

Bu gün Gəncliyə Yardım Fondunda Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan ənənəvi XV əl işləri Xeyriyyə Sərgisinin açılış mərasimi keçirilib. Ölkəmizin azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlər bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cumhuriyyətinin İstiqlal marşı ilə tədbir açıq elan edilib. Sərginin açılış mərasimində Milli Məclisin deputatları, Türkiyə səfirliyinin müşavirləri, Hökumət nümayəndələri və QHT rəhbərləri iştirak edib.

Sərginin açılış mərasimində çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet  Tecim sərgiyə təşrif buyuran hər kəsə ayrı ayrılıqda təşəkkürünü bildirib. Gəncliyə Yardım Fondunun 25 illik təhsil, insani yardım və sosial fəaliyyətlərindən söz açaraq, artıq ənənə halını almış əl əməyi göz nuru olan Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan bu sərginin mahiyyətindən danışıb. Daha sonra mədəniyyətimizin təməlidə olan xeyriyyəçilik işlərindən danışaraq bu ilki xeyriyyə sərgisindən əldə olunan vəsaitin “100 İllik Əmanət!” və “Qardaşlığımız Əbədidir”  layihələrində istifadə olunmasını vurğulayıb. Türkiyə Cumhuriyyətinin ərazi bütövlüyünü terror təhlükəsindən qorumaq üçün qonşu Suriyanın Afrin bölgəsində başlatdığı “Zeytun budağı” əməliyyatına ən birinci Azərbaycan dövlətinin və xalqının dəstək olduğunu vurğulayaraq Azərbaycan Türkiyə qardaşlığının əbədi olduğunu bildirib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov sərgidə iştirak edən hər kəsə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun salamını çatdırıb. Gəncliyə Yardım Fondunun hər zaman xeyriyyə fəaliyyətləri ilə diqqət mərkəzində olduğundan söç açaraq bu ilki xeyriyyə sərgisinin təqdirə layiq olduğunu qeyd edib.

Daha sonra çıxış edən Millət Vəkili Sona Əliyeva fondun təşkil etdiyi xeyriyyə fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib və şəhid valideyinlərinin ən çox diqqət və qayğıya layiq insanlar olduğunu qeyd edərək Gəncliyə Yardım Fondunun rəhbərliyinə belə bir xeyriyyə sərgisini həyata keçirdiyinə  görə dərin minnətdarlığını bildirib.

Türkiyə Cumhuruyyətinin Bakıdakı fövqəladə və səlahiyyətli səfirinin həyat yoldaşı Meltem Özoral çıxışı zamanı sərgidəki şəhid analarına üz tutaraq: “Mən də bir şəhid nəvəsəsiyəm, sizin halınızdan ən yaxşı mən anlayıram. Mənim babam Çanaqqalada şəhid olub” deyə vurğulayıb.

Şimali Kipr Türk Cumhuriyyətinin Bakı Nümayəndəsi Ufuk Turganer çıxışı zamanı bildirib ki, hər il ənənəvi olaraq təşkil olunan bu sərginin böyük bir əhəmiyyət kəsb etdiyini vurğulayıb və belə gözəl sərgi təşkil edildiyinə görə təşəkkürünü bildirib.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov xalqımızın daima xeyriyyəçi işlərlə məşğul olduğundan söz açıb. Hətta tarixi sənədlərdə Bakı küçələrində dilənçiliklə məşğul olan insanların yığdıqları pulların 1915-ci ildə Çanaqqaladakı qardaşlarına göndərdiklərindən danışıb.

Tədbirdə çıxış edən Yunus Əmrə  Bakı  Mədəniyyət ‎Mərkəzinin direktoru Doç.Dr.Cihan Özdemir sərginin mahiyyətinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb və fond rəhbərliyinə təşəkkürünü bildirib.

Qarabağ müharibəsi veteranı Polkovnik Həsən Əmirovun çıxış edərək şəhid analarına daima başı dik qürürlu olmalarını söyləyib və şəhidliyin yüksək bir mərtəbə olduğundan danışıb.

Qeyd edək ki, hər il ənənəvi olaraq Gəncliyə Yardım Fondunun təşkilatçılığı  ilə “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə “Azərbaycan və Türkiyə xanımlarının əl işləri Xeyriyyə Sərgisi” təşkil edilir. Sərgidən əldə olunan vəsait Azərbaycan xalqının milli problemlərinə həsr olunur. Belə ki,  keçən illərdə təşkil edilən sərgilər; “Xocalıya Yardım”, “Qarabağ Suallar və Faktlar” kitabının nəşri, “Yeddi Uşaq Evinə Yardım”, “Qocalar Evinə Yardım”, “Uşaqlar Arasında Dişlərə Qulluq Mədəniyyətinin Formalaşması”, “Qarabağ Suallar və Faktlar” kitabının türk dilində nəşri,  “25 əlilə əlil arabası” “50 imkansız tələbəyə bir illik təqaüd”   və “Yüz imkansız ailəyə bir illik ərzaq yardımı”, “101 Arzunu Gerçəkləşdir”, “101 Ehtiyac Sahibi Ailəyə Yardım”   “Körpələri Sevindirək”, “Ümidsizlərin Ümidi Ol!”, “Bir Həyata Yol Ver!”, ‎“Şəhidlərimizin Övladları Bizə Əmanətdir” kimi layihələrə həsr edilmişdir. Bunu da qeyd edək ki, ənənəvi xeyriyyə sərgisinə Azərbaycan xalqının marağı yüksək səviyyədədir.

Tədbirin sonunda Azərbaycan və Türkiyə qardaşlığından bəhs edən “Qardaşlığımız Əbədidir” adlı videorolik təqdim olunub.

Hər kəsi  3  gün davam edəcək xeyriyyə sərgimizə dəvət edirik.