Sosial Fəaliyyətlər Qafqaz Müsəlmanları İdarəsində Türkiyənin Əziz Mahmud ‎Hüdayi Vəqfinin Fəxri Başqanı Osman Nuri...

Qafqaz Müsəlmanları İdarəsində Türkiyənin Əziz Mahmud ‎Hüdayi Vəqfinin Fəxri Başqanı Osman Nuri Topbaş ilə Görüş ‎Keçirilib

18

May ayının 7-də Qafqaz Müsəlmanları İdarəsində Türkiyənin Əziz Mahmud Hudayi Vəqfinin fəxri başqanı Osman Nuri Topbaşın Bakı İslam Universitetinin tələbələri ilə görüşü keçirilib.

Görüşü açıq elan edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Azərbaycan və Türkiyə xalqları arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərindən söhbət açıb. Bu əlaqələrin ölkələrimizin siyasi, iqtisadi, dini, mədəni-mənəvi sahələrdə inkişafına təkan verdiyini vurğulayıb.

 Şeyxülislam Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar üçün yaradılan bərabər şərait, dini abidələrin tikinti və bərpa işlərinə dövlət səviyyəsində göstərilən qayğı barədə məlumat verib.

Sovet dövründə Azərbaycanda məscidlərin sayının o qədər də çox olmadığını deyən QMİ-nin sədri bildirib ki, müstəqillik illərində ölkəmizdə xeyli sayda məscid tikilərək istifadəyə verilib. Bütün bunlar ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dəstəyi sayəsində mümkün olub.

Allahşükür Paşazadə Osman Nuri Topbaşın elmi fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə Osman Nuri Topbaşın “Məktəbi-Aləm Kainat, Quran və İnsan” kitabının təqdimatı da keçirilib.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev, Bakı İslam Universitetinin Rektoru Hacı Sabir Həsənli, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim və başqaları çıxış edərək Osman Nuri Topbaşın yaradıcılığını yüksək qiymətləndirib, kitabın mahiyyətindən və əhəmiyyətindən söz açıblar.

Qeyd edək ki may ayının 6-da Osman Nuri Topbaş Gəncliyə Yardım Fondunu ziyarət edərək, fondun konfrans zalında müxtəlif universitetlərin tələbələri ilə görüşüb. “Gənclik, Məsuliyyətimiz və Gəncliyin Problemləri” mövzusunda çıxış edib və tələbələri maraqlandıran sualları cavablandırıb.

Sonda Osman Nuri Topbaş çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib, kitab haqqında məlumat verib.