Sosial Fəaliyyətlər GYF-Nümayəndələri “Akifdən Vahabzadəyə – İki Şair Bir Şeir” Mövzusunda Beynəlxalq Elmi ‎Panel...

GYF-Nümayəndələri “Akifdən Vahabzadəyə – İki Şair Bir Şeir” Mövzusunda Beynəlxalq Elmi ‎Panel İştirak Edib

3

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Mehmet Akif Ərsoydan Bəxtiyar Vahabzadəyə – iki şair bir şeir” mövzusunda beynəlxalq elmi panel keçirilib. Tədbir Ədəbiyyat İnstitutu, TİKA və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Əvvəlcə tədbir iştirakçıları Mehmet Akif Ərsoyun və Bəxtiyar Vahabzadənin əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin tarixi köklərə bağlı olduğunu deyib. Akademik bu münasibətlərin dünyada nümunə olduğunu, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, elm, mədəniyyət və ədəbiyyat sahələrində də əlaqələrin inkişaf etdiyini söyləyib.

İsa Həbibbəyli bildirib ki, ümummilli lider Heydər Əliyevin güclü təməllər üzərində qurduğu Azərbaycan-Türkiyə qardaşlığı bu gün prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın qətiyyətli addımları ilə daha da möhkəmlənir. Qeyd edilib ki, türk dünyasının böyük şairləri Mehmet Akif Ərsoyun və Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr edilən birgə tədbirin keçirilməsi bu dostluğa bariz nümunədir.

Akademik İsa Həbibbəyli beynəlxalq tədbirin ölkələrimiz arasında elmin, ədəbiyyatın inkişafına dəyərli töhfə verəcəyini söyləyib.

Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Bakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Gelibolu tarixi zonasının rəhbəri İsmayıl Kaşdəmir, TİKA Bakı Nümayəndəliyinin əlaqələndiricisi Teoman Tiryaki və digər çıxış edənlər ölkələrimiz arasında dostluq münasibətlərindən, bu əlaqələrin möhkəmləndirilməsində və genişləndirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən, eləcə də şairlərin yaradıcılığından söz açıblar.

Sonra Azərbaycan və Türkiyədən olan alimlərin Mehmet Akif Ərsoyun və Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunan məruzələri dinlənilib.