Sosial Fəaliyyətlər GYF-Rəhbərliyi Bakının Azad Edilməsinin 101-ci İldönümü Münasibəti Təşkil Edilən Yürüşdə İştirak Edib

GYF-Rəhbərliyi Bakının Azad Edilməsinin 101-ci İldönümü Münasibəti Təşkil Edilən Yürüşdə İştirak Edib

2

Müdafiə Nazirliyinin və Türkiyənin Azərbaycan səfirliyinin birgə təşkilatçılığı ilə Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirilib.

Yürüş iştirakçıları Bakının azad edilməsinin 101-ci ildönümü münasibətilə 101 ədəd Azərbaycan Respublikasının və 101 ədəd Türkiyə Respublikasının dövlət bayraqlarını daşıyıblar.

Acıdərə Türk Şəhidliyi ziyarət olunub. Abidə qarşısına Müdafiə Nazirliyi və Türkiyənin Azərbaycan səfirliyi adından əklillər qoyulub. Şəhidlərin xatirəsi ehtiramla yad edilib. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri ifa olunub.

Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani anım mərasimini açaraq 15 sentyabrın XX əsr Azərbaycan tarixində şərəfli bir gün olduğunu bildirib.

Anım mərasimində vurğulanıb ki, Azərbaycan müstəqillik illərində dinamik sürətlə inkişaf edərək güclü və qüdrətli ölkəyə çevrilib. Azərbaycan-Türkiyə qardaşlığı bu gün də ən yüksək səviyyədədir. Bu dostluq və qardaşlıq sarsılmazdır, əbədidir. Biz bu tərəqqi üçün, bu günki xoşbəxt, firavan həyat üçün geniş sinələrini Vətənimizə, xalqımıza tuşlanan güllələrə sipər edən qəhrəman şəhidlərimizə minnətdarıq.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral isə diqqətə çatdırıb ki, 15 sentyabrda Bakının qurtuluşu nəinki azərbaycanlılar, hətta Anadolu türkləri üçün də olduqca böyük hadisədir. Azərbaycanın müstəqilliyi Türkiyə tarixi üçün də önəmli dönüş nöqtəsidir. Bu günün həm Türkiyə, həm də Azərbaycan xalqları tərəfindən birgə, təntənəli şəkildə keçirilməsinin əsas məqsədi 101 il öncə baş verənləri xalqa anlatmaq, xüsusilə də gələcək nəsillərə hansı səbəbdən bir yerdə, qardaş olduğumuzu, tariximizdə nələrin baş verdiyini çatdırmaqdır. Biz bütün həqiqətləri xalqa çatdırmalıyıq. Onlar türkün tarixində utanılacaq heç bir şeyin olmadığını öyrənməlidirlər.

Səfir E.Özoral ötən il Bakının qurtuluşunun 100 illiyi münasibəti ilə keçirilən paradda Azərbaycan Respublikası prezidenti İlham Əliyev və Türkiyə Respublikası prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakını xatırlayaraq “Hər iki ölkə rəhbərinin  hərbi paradda iştirakı, onların Türkiyə-Azərbaycan qardaşlığının bundan sonra da əbədi və sarsılmaz olacağına əminlikləri, düşmənlərimizə birgə mesajları tarixi məqamlardır. Bundan əlavə, unudulmaz, yaddaqalan hadisədir ki, 100 il əvvəl olduğu kimi türk əsgəri azərbaycanlı qardaşları ilə birgə yenidən Bakı təntənəsinə qoşuldu, türk əsgəri bu böyük zəfəri azərbaycanlı qardaşı ilə bir yerdə qeyd etdi. Bu, bir səfir olaraq mənim yaşaya biləcəyim ən böyük sevinc hissidir”, – deyib.

General-mayor Vasif Kazımov, Türkiyədən gəlmiş qazilər adından istefada olan general-leytenant Cumhur Evcil, Qobustan Rayon Ağsaqqallar Şurasının sədri Şıxbaba Bayramov və başqaları çıxış edərək şəhidlərə ehtiramlarını bildirib və Türkiyə-Azərbaycan xalqlarının sarsılmaz birliyindən iftixarla söhbət açıblar.

Qobustan Rayon şəhid Qalib Ələkbərov adına Çuxanlı kənd tam orta məktəbinin şagirdləri “Yol ver Türkün bayrağına!” adlı ədəbi kompozisiya ilə çıxış ediblər.

Sonra şəhid türk zabitinin məzarı ziyarət olunub, üstünə qərənfillər düzülüb, dualar oxunub.
Yürüş və anım mərasimində Türkiyədən gəlmiş qazilər, Türkiyə Silahlı Qüvvələrinin general və zabitləri, Azərbaycan Ordusunun və ictimaiyyətin nümayəndələri iştirak ediblər.