Sosial Fəaliyyətlər “Xocalı Faciəsini Unutma!” Adlı İnşa Yazı Müsabiqəsinin Qalibləri Mükafatlandırıldı

“Xocalı Faciəsini Unutma!” Adlı İnşa Yazı Müsabiqəsinin Qalibləri Mükafatlandırıldı

9

Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə  Xocalı Soyqrırımının XXVIII ildönümünə həsr olunmuş “Xocalını Soyqırımını Unutma” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə Xocalı faciəsini əks etdirən foto sərgi təşkil edilib,

Tədbirdə Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin mətbuat müşaviri Hüseyin Altunalan,  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, KKTC Bakı Təmsilçiliyinin təhsil müşaviri Tevfik Ulualın, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, TRT Bakı Təmsilçisi Murat Akkoç, Ehtiyatda Olan Zabitlər Konfederasiyası idarə heyətinin üzvü polkovnik Hikmət Ağayev, Kütləvi İnformasiya Vasitələrinin Nümayəndələri, QHT sədirləri və digər ictimaiyyət nümayəndələri iştirak edib.

Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cumhuriyyətinin İstiqlal marşı səsləndirilib. Daha  sonar tədbir iştirakçılarına Xocalı faciəsini əks etdirən vidio rolik təqdim edilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim Xocalıda yaşanan hadisələrə qarşı BMT başda olmaqla dünya birliyinin səsiz qaldığını, tarix boyu türklərin və  müsəlmanların başına gətirilən müsibətlərə qarşı kor və kar qalındığını diqqətə çatdırıb. O dünya yarandığı gündən haqq və batil arasında mübarizədən, bu mübarizə əsnasında batili təmsil edənlərin hər zaman güclərindən istifadə etdiyini deyib. Natiq, “çox təəssüf hissi ilə qeyd etməliyəm ki, cəmiyyət olaraq başımıza gətirilən hadisələri tez unuduruq. Ancaq bu kimi tədbirlərlə biz Xocalını unutmayacağıq və unutdurmayacağıq. Biz gənclərimizi elə bir şüurla yetişdirməliyik ki, onlar hər zaman işğal olunmuş torpaqlarımızda üç rəngli bayrağımızın asılmasının xəyalı və mübarizəsi uğrunda çalışsınlar”. deyə bildirib.

Tariximizin soyqırım səhifəsi olan Xocalı faciəsinin bütün həqiqətlərini olduğu kimi gənc nəsillərə çatdırmağın mühüm məsələ olduğunu qeyd edib,  Azərbaycan və Türkiyə qardaşlığının əbədi olduğundan söz açıb

Türkiyənin Cühuriyyəti Bakı Böyükelçiliyinin mətbuat müşaviri Hüseyin Altunalan öz çıxışında tarix boyu davam edən erməni vandalizmini pisləyib və üzərindən 28 il keçməsinə baxmayaraq başımıza gətirilən müsibətləri unutmağa qoymağan bu kimi tədbirlərin təşkilatçılarına öz təşəkkürünü bildirib.

Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı da “Xocalı Faciəsi Azərbaycan xalqının başına gətirilən ən böyük faciələrdən biridir”. deyib. O qeyd edib ki, bu gün mənfur düşmənlərimizlə mübarizənin ən yaxşı yolu savadlı gəncliyin yetişməsidir.

Şimali Kipir Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin təhsil müşaviri Tevfik Ulualın öz çıxışında gənclərə tarixlərini unutmamağı, davamlı olaraq öz üzərilərində çalışıb düşmən üzərində qalibiyyət qazanmağı tövsiyə edib və şəhidlərimizə Allahdan rəhmət diləyib.

Ehtiyatda Olan Zabitlər Konfederasiyası idarə heyətinin üzvü polkovnik Hikmət Ağayev də Xocalı soyqırımın unudulmaz olduğunu qeyd edərək, bu cür tədbirlərin həyata keçirilməsinin hər zaman tərafdarı olduğunu və gələcək nəsillərə də bu hadisənin unudulmamasının vacibliyindən söz açıb.

TRT Bakı təmsilçisi Murat Akkoç ermənilərin vəhşiliyindən danışıb və günahsız insanlara qarşı etdikləri zülümlərin bəlkə də tarixdə tayı-bənzəri olmadığını vurğulayıb.

Ehtiyatda olan zabitlər adından çıxış edən polkovnik Hikmət Ağayev də erməni hərbçilərinin həqiqqətdə qorxaq olduğundan və o günlərdə rus ordularının erməni qoşunlarına köməyindən danışıb.

Tədbirdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Azərbaycan xalqının tarix boyu erməni millətçilərinin  davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmasından söz açaraq, Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhda yetişən, öz haqq səslərinin dünya ictimaiyyətinə çatdırmağın zəruriliyindən danışıb.

Qeyd edək ki, tədbirin məqsədi Azərbaycan xalqının tarixi boyu erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalması, öz tarixi topraqlarından qovulmasından, qaçqına və məcburi köçkünə çevrilməsini və bütün bunların ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmasını, tariximizin soyqırım səhifəsi olan Xocalı faciəsinin bütün həqiqətlərini olduğu kimi gənc nəsillərə çatdırmaq,  ərazi iddialarını əsaslandırmaq üçün davamlı olaraq yeni-yeni əsassız tezislər uyduran erməni millətçilərinin anti-Azərbaycan təbliğatına, məkrli siyasətinə, ideoloji təxribatlarına qarşı ayıq-sayıq olmasının orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında təbliğini gücləndirməkdən ibarətdir.

Tədbirin sonunda “Xocalı Soyqırımını Unutma” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondu tərəfindən müvafiq dərəcəli diplomlar və pul mükafatları ilə təltif olunub.

“Xocalı Soyqırımını Unutma” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri aşağıdakılardır.

I yer –   Rəhimova Ülviyyə – Qaradağ rayon 139 saylı orta məktəb

II yer –  Nərmin Mirzəyeva – Yasamal  rayon 158 saylı orta məktəb

III yer – Hüseyinli Nilufər – Nəsimi rayon 16 saylı Texniki Humanitar Lisey