Sosial Fəaliyyətlər GYF-də “XX Əsrin Faciəsi: Xocalı Soyqırımı” Adlı Anım Tədbiri Keçirilib

GYF-də “XX Əsrin Faciəsi: Xocalı Soyqırımı” Adlı Anım Tədbiri Keçirilib

35

26 fevral tarixində Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı və Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrin iştirakı ilə Fondun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Xocalı Soyqırımının 30-cu il dönümü ilə əlaqədar “XX əsrin faciəsi: Xocalı Soyqırımı” adlı anım tədbiri keçirilib.

Tədbir Xocalı şəhidləri başda olmaqla, 20 yanvar, I Qarabağ və vətən müharibəsi zamanı əziz canlarından keçən şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi, daha sonra isə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşının səsləndirilməsi ilə açıq elan edilib. Daha sonra Xocalı soyqırımı haqqında Dəyər Tv-nin hazırladığı “XX Əsrin Faciəsi – Xocalı Soyqırımı”adlı video rolik izlənilib.

Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şahalı Cəlilov çıxış edərək 1992-ci il fevral ayının 25-indən 26-sına keçən geçə erməni hərbi birləşmələri Xocalı şəhərini işğal edərək dinc əhaliyə qarşı terror aktı həyata keçirdiyini və bunun XX əsrin ən dəhsətli faciələrindən biri olduğunu qeyd edib.  Şahalı Cəlilov həmçinin erməni vandallarının Xocalıda xalqımıza qarşı törətdiyi soyqırım nəticəsində 613 insan vəhşicəsinə öldürüldüyünü, 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulduğunu, 1275 dinc sakininin əsir götürüldüyünü və onlardan 150 nəfərin taleyinin hələ də məlum olmadığını, 8 ailənin bütünlüklə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itirdiyini vurğulayıb.