Sosial Fəaliyyətlər GYF-də “Əmanətə Sahib Çıx” Adlı Xeyriyyə Sərgisinin Açılış Mərasimi Keçirilib

GYF-də “Əmanətə Sahib Çıx” Adlı Xeyriyyə Sərgisinin Açılış Mərasimi Keçirilib

80

Bu gün Gəncliyə Yardım Fondunda Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan ənənəvi XVIII əl işləri Xeyriyyə Sərgisinin açılış mərasimi keçirilib. Ölkəmizin azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlər bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cumhuriyyətinin İstiqlal marşı ilə tədbir açıq elan edilib. Sərginin açılış mərasimində Milli Məclisin deputatları, Hökumət nümayəndələri və QHT rəhbərləri iştirak edib.

Sərginin açılış mərasimində çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet  Tecim sərgiyə təşrif buyuran hər kəsə ayrı ayrılıqda təşəkkürünü bildirib. Gəncliyə Yardım Fondunun 30 illik təhsil, insani yardım və sosial fəaliyyətlərindən söz açaraq, artıq ənənə halını almış əl əməyi göz nuru olan Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan bu sərginin mahiyyətindən danışıb. Daha sonra mədəniyyətimizin təməlidə olan xeyriyyəçilik işlərindən danışaraq bu ilki xeyriyyə sərgisindən əldə olunan vəsaitin “Əmanətə Sahib Çıx” layihəsi çərçivəsində şəhid və qazi ailələrinin övladlarına həsr olunacağını vurğulayıb. Azərbaycan Türkiyə qardaşlığının əbədi olduğunu bildirib.

Millət vəkilləri Məlahət İbrahimqızı, Anar İsgəndərov, Fazil Mustafa, Vuqar İskəndərov çıxış edərək fondun təşkil etdiyi xeyriyyə fəaliyyətlərini yüksək qiymətləndirdiklərini bildiriblər və şəhid valideyinlərinin ən çox diqqət və qayğıya layiq şəxslər olduğunu qeyd edərək Gəncliyə Yardım Fondunun rəhbərliyinə belə bir xeyriyyə sərgisini həyata keçirdiyinə görə öz dərin minnətdarlıqlarını bildiriblər.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər xanım Cavadlı çıxış edərək xalqımızın daima xeyriyyəçi işlərlə məşğul olduğunu ifadə edib.

Tədbirdə çıxış edən “Zəfər Şəhid Ailələrinə Dəstək İctimai Birliyi”nin sədri Sevinc Alızadə vətən uğrunda əziz canlarından keçən şəhidlərin hər zaman diqqət mərkəzində olduğunu, bu övladları yetişdirən ailələrə hər birimizin hörmət və ehtiram göstərməli olduğumuzu qeyd edib və məhz bu kimi sərgi və xeyriyyə fəaliyyətlərinin bu istiqamətdə görülən işlərə böyük nümunə olduğunu vurğulayıb.

Sonda çıxış edən Qarabağ müharibəsi veteranı kapitan Anar Məmmədov şəhid analarının və övladlarının daima başı dik qürürlu olmalarını söyləyib və şəhidliyin yüksək bir mərtəbə olduğunu qeyd edib.

Tədbirin sonunda Gəncliyə Yardım Fondunun prezidenti Ahmet  Tecim və Zəfər Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə şəhid ailələri ilə birlikdə çay süfrəsi ətrafında bir araya gəliblər. Ahmet Tecim şəhid ailələrinin problemləri ilə yaxından maraqlanıb və Fondun hər zaman şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğını xüsusi qeyd edib.

Qeyd edək ki, hər il ənənəvi olaraq Gəncliyə Yardım Fondunun təşkilatçılığı  ilə “Azərbaycan və Türkiyə xanımlarının əl işləri Xeyriyyə Sərgisi” təşkil edilir. Sərgidən əldə olunan vəsait Azərbaycan xalqının milli problemlərinə həsr olunur. Belə ki,  keçən illərdə təşkil edilən sərgilər; “Xocalıya Yardım”, “Qarabağ Suallar və Faktlar” kitabının nəşri, “Yeddi Uşaq Evinə Yardım”, “Qocalar Evinə Yardım”, “Uşaqlar Arasında Dişlərə Qulluq Mədəniyyətinin Formalaşması”, “Qarabağ Suallar və Faktlar” kitabının türk dilində nəşri,  “25 əlilə əlil arabası” “50 imkansız tələbəyə bir illik təqaüd”   və “Yüz imkansız ailəyə bir illik ərzaq yardımı”, “101 Arzunu Gerçəkləşdir”, “101 Ehtiyac Sahibi Ailəyə Yardım”   “Körpələri Sevindirək”, “Ümidsizlərin Ümidi Ol!”, “Bir Həyata Yol Ver!”, ‎“Şəhidlərimizin Övladları Bizə Əmanətdir” kimi layihələrə həsr edilmişdir. Bunu da qeyd edək ki, ənənəvi xeyriyyə sərgisinə Azərbaycan xalqının marağı yüksək səviyyədədir.

Hər kəsi 4  gün davam edəcək xeyriyyə sərgimizə dəvət edirik.