Sosial Fəaliyyətlər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində Türkiyənin Gənclər və İdman Nazirliyinin...

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində Türkiyənin Gənclər və İdman Nazirliyinin Nümayəndə Heyəti ilə Görüş Keçirilib

10

İyunun 3-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Baş İdarənin rəisi Raqif Abbasov, rəis müavini Aydın Yusifov, Gənclər və İdman Nazirliyinin Tələbə və tələbə təşkilatları ilə iş sektorunun müdiri Elşən Hüseynov, BŞGİBİ-nin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Gəncliyə Yardım Fondunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Eldar Kərimov, Binəqədi və Səbail rayon Gənclər və İdman İdarəsinin nümayəndələri və  Türkiyənin Gənclər və İdman Nazirliyinin idarə rəisi Bozkurt Maya, bu ölkənin gənclər və idman üzrə mütəxəssisləri, gənclər xidmətləri müdiri Mehmet Ünlü, Gənclər Mərkəzinin müdiri Murat Peşmen iştirak ediblər.

Görüşdə qonaqlara ölkəmizin tarixi, sürətli inkişafı barədə ətraflı məlumat verilib. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin regionun lider dövlətinə çevrildiyi, bu gün dünyada söz və nüfuz sahibinə çevrilən Azərbaycanın beynəlxalq əlaqələrinin sürətlə genişləndiyi, ölkəmizin mötəbər beynəlxalq təşkilatların rəhbər heyətində təmsil olunduğu diqqətə çatdırılıb.

Sonra ölkələrimizin gənclər siyasəti və idman sahəsində əməkdaşlığının möhkəmləndirildiyi qeyd olunaraq, idman və gənclər siyasəti, bu sahələrdə həyata keçirilən layihələr haqqında geniş məlumat verilib. Həmçinin müxtəlif idman növlərinin inkişafı, gənclərlə işləyən mütəxəssislərin mübadilə proqramları, gənclər evləri arasında əməkdaşlıq və mübadilə, birgə gənclər günlərinin keçirilməsi, gənclər və idman sahələrində inkişaf perspektivləri müzakirə edilib.

Sonda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən qonaqlara hədiyyə təqdim olunub.