Sosial Fəaliyyətlər BİGA Məzunları İlə Görüş Keçirildi

BİGA Məzunları İlə Görüş Keçirildi

47

11 İyun 2022-ci il tarixində Gəncliyə Yardım Fondun H.Z. Tağıyev adına konfrans zalında fondun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının məzunları ilə görüş keçirilib. Akademiyanın koordinatoru Şahalı Cəlilov məzunları, fond rəhbərliyini və əməkdaşlarını, həmçinin qonaqları salamlayaraq tədbiri açıq elan edib. O, məzun gününün həm akademiya, həm də tələbələr üçün olduqca əhəmiyyətli bir tarix olduğunu bildirərək öz növbəsində bütün məzunları təbrik edib.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim əvvəlcə hər bir məzunu səmimi qəlbdən təbrik edib, onlara gələcək iş və ailə həyatlarında müvəffəqiyyərlər arzulayıb. Ahmet Tecim çıxışında zamanın bir göz qırpımında keçib getdiyini, məzun olan tələbələrin ilk günlərini xatırladığını ifadə edib. Onların akademiyada sosial-mədəni fəaliyyətlərdə aktiv işitak etdiklərini, milli-mənəvi dəyərlərə bağlı bir nəsil olaraq yetişdiklərini, dünyagörüşlərini inkişaf etdirdiklərini qeyd edib.

Gəncliyə Yardım Fondunun Təhsil koordinatoru Fuad Quliyev fondun və BİGA-nın fəaliyyətlərini təqdir etdiyini, Əhməd bəy başda olmaqla fəaliyyətdə əməyi olan şəxslərə təşəkkürü bildirib. Fuad Quliyev intellektual, tarixinə, dövlətinə, millətinə, milli-mənəvi dəyərlərinə bağlı müasir Azərbaycan gəncinin formalaşmasında BİGA-nın böyük rolu olduğunu vurğulayıb.

Gəncliyə Yardım Fondunun Bakı Təhsil koordinatoru Nizami Əfəndiyev tələbələrin həyatlarında ilk mərhələnin sona çatdığını, məzun olduqlarını, amma növbəti bir mərhələnin başladığını qeyd edib. Onlara müvəffəqiyyətlər arzulayan Nizami Əfəndiyev sonrakı həyatlarında da üzlərinə fondun qapısının daim açıq olduğunu bildirib.

Daha sonra çıxış edən Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Elçin Manafov məzun tələbələrə sonrakı həyatlarında uğurlar arzulayıb.

Tədbirin sonunda BİGA-nın builki məzunları və onların fəaliyyətləri haqqında video çarx nümayiş etdirilib. Məzunlara BİGA və Gəncliyə Yardım Fondu tərəfindən sertifikatlar və hədiyələr təqdim edilib, xatirə fotosu çəkilib.

Qeyd edək ki,  bu il  Bakı İstedadlı Gənclər Akademiyasından Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 34 tələbə məzun olub. Bütün məzunlara gələcək həyatlarında uğurlar və müvəffəqiyyətlər arzu edirik.