Sosial Fəaliyyətlər Zəfər Gününə Həsr Olunmuş “Kiçik Ürəklərdə Zəfər Rəngləri” Adlı Rəsm Sərgisi Baş...

Zəfər Gününə Həsr Olunmuş “Kiçik Ürəklərdə Zəfər Rəngləri” Adlı Rəsm Sərgisi Baş Tutdu

29

1 noyabr tarixində Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Xətai Sənət Mərkəzində “8 noyabr Zəfər Günü”nə həsr olunmuş “Kiçik Ürəklərdə Zəfər Rəngləri” adlı uşaq və yeniyetmələrin rəsm və əl işlərinin sərgisi baş tutub. Sərginin təşkilində əsas məqsəd 7-17 yaş arası uşaq və yeniyetmələrdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərə milli həmrəylik və qəhrəmanlıq dolu ülvi hisslərin aşılanması, Vətənimizin suverenliyi uğrunda Azərbaycan əsgərinin döyüş rəşadəti və şəhidlərimizin xatirəsini əbədiləşdirmək, milli-mənəvi dəyərlərimizi təbliğ etməklə Qarabağın zəngin tarix və mədəniyyət abidələrini uşaq və yeniyetmələrə tanıtdırmaq, istedadlı uşaqları üzə çıxarmaq, eləcə də yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir. 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxış edərək 44 günlük Zəfər tarixini tərənnüm edən istənilən layihənin, tədbirlərin, kitab təqdimatlarının, sərgilərin, müsabiqələrin və digər layihələrin keçirilməsinin böyük şərəfli bir missiya olduğunu bildirib və bu kimi tədbirlərin Azərbaycan əsgərinin döyüş rəşadəti və şəhidlərimizin əziz xatirəsini əbədiləşdirməklə gənc nəslin tərbiyyə olunmasında qəhrəmanlarımızın  həyatlarının örnək olduğunu bildirib. O qeyd edib ki,  torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan bütün qəhrəman oğullarımız daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onların göstərdikləri qəhrəmanlıq tarixdə əbədi qalacaq.

Qeyd edək ki, sərgidə Gəncliyə Yardım Fondu tərəfindən təşkil edilən “Uşaqların gözü ilə zəfərimiz” adlı rəsm müsabiqəsində fərqlənmiş rəsmlər də nümayiş edilib.