“Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyinin sifarişi əsasında ərsəyə gəlmiş “Başladıq” filminin təqdimatı Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında baş tutub.
Film təqdim olunmazdan öncə Azərbaycan Respublikasının dövlət himni oxunub, sonra Vətənin bütövlüyü uğrunda canlarından keçmis şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca film nümayiş etdirilib.
Sonra “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri, filmin ideya müəllifi Emin Tarverdiyev bildirib ki, 44 günlük Vətən müharibəsində qələbənin qazanılmasında arxa cəbhənin rolu danılmazdır. Ona görə də bu filmi arxa cəbhədə əziyyət çəkənlərə – öz komandamıza həsr etdik.
Filmin ssenari müəllifi Elmar Hüseynov qeyd edib ki, qısa müddət ərzində ərsəyə gətirdiyimiz bu film, bizim film sahəsində ilk təcrübəmizdir. Ona görə də inanırıq ki, real hadisələrlə dolu ekran əsəri Siz tamaşaçıların da ürəyincə oldu”.
Tədbir iştirakçılarından “Hədəf” Şirkətlər qrupunun rəhbəri Şəmil Sadiq, “Behrud İnşaat”ın rəhbəri İlham Behrudi, Gəncliyə Yardım Fondunun mətbuat şöbəsinin müdiri Eldar Kərimov, jurnalist Cavid İsmayıl, şəhid Orxan Qəhrəmanovun anası Arzu Qəhrəmanova çıxışlarında Vətəni təmənnasız sevənləri bu filmdə gördüklərini qeyd etdilər.
Sonda şəhid ailələri, qazilərə və “Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyinə dəstəyə görə Gəncliyə Yardım Fondunun rəhbərliyinə, “Veysəloğlu” Şirkətlər Qrupuna, “Oba Market” MMC -yə və “Gomas Group” a təşəkkür plaketləri təqdim olunub.
Qeyd edək ki, “Başladıq” filminin rejissoru Gülnar Hacıyeva, operatoru Şahmar Səfəroğlu, mətni səsləndirən isə Turkay Azəridir.