Sosial Fəaliyyətlər GYF-də Azərbaycan və Türkiyə Xanımlarının XIX Əl İşləri Xeyriyyə Sərgisinin Açılış Mərasimi...

GYF-də Azərbaycan və Türkiyə Xanımlarının XIX Əl İşləri Xeyriyyə Sərgisinin Açılış Mərasimi Keçirildi

58

Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına konfrans zalında Gəncliyə Yardım Fondunun Qardaş Köməyi Platforması ilə birgə həyata keçirdiyi “Qardaşın acılarına qardaş olaq” layihəsi çərçivəsində “XIX Əl İşləri Xeyriyyə Sərgisi”nin açılış mərasimi keçirilib.

Açılış mərasimində əvvəlcə zəlzələdə həyatını itirən türkiyəli soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Respublikasının istiqlal marşı səsləndirilib.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim tədbir iştirakçılarını salamlayaraq, iştirak edən hər kəsə təşəkkürünü bildirib. Gəncliyə Yardım Fondu tərəfindən keçirlən sayca 19-cu olan bu sərginin Fondun bir ənənəsi və iki dövlətin qardaşlığının bariz göstəricisi olduğunu qeyd edib.

Türkiyə Cumhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağcı sərginin təşkilində əməyi keçənlərə təşəkkürünü bildirib. Şiddətli zəlzələdən sonra Azərbaycanın hər zamkı kimi Türkiyənin yanında olduğunu, qardaş ölkənin ilk gündən yardımlar göndərdiyini və Azərbaycanda bu istiqamətdə qurulan platformaların xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Qardaş Köməyi platformasının rəhbəri Rəşad Cabirli platformanın ilk gündən qardaş ölkəyə yardımlar göndərdiyini və yardım fəaliyyətinin davam edəcəyini vurğulayıb.

Şimali Kipr Türk Respublikasının Azərbaycan nümayədəliyinin rəhbəri Ufuk Turganer Azərbaycanda bu kimi xeyriyyə fəaliyyətlərinin ənənə halını aldığını bildrib və bu ilki sərginin məhz Türkiyədə baş verən zəlzələdə zərər görən insanlara sərf edilməsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

Daha sonra millət vəkilləri Qənirə Paşayeva və Anar İsgəndərov da çıxış edərək fond və platformanın birgə həyata keçirdiyi xeyriyyə sərgisini yüksək qiymətləndiriblər və təşəkkürlərini bildiriblər.

Son olaraq sərgi təşkilatçıları adından çıxış edən Göyçək Abdullayeva Türkiyədə baş verən zəlzələdən təsirləndiklərini, bu hisslə azərbaycanlı və türkiyəli xanlar olaraq birləşərək sərgi üçün hazırlaşdıqlarını qeyd edib.

Qeyd edək ki, Gəncliyə Yardım Fondunun Qardaş Köməyi Platforması ilə birgə həyata keçirdiyi “Qardaşın acılarına qardaş olaq” layihəsində istifadə olunması planlaşdırılmışdır. Layihə çərçivəsində 2023-ci ilin fevral ayında qardaş Türkiyədə baş verən və əsrin fəlakəti olaraq adlandırılan dəhşətli zəlzələdə zərər görən insanlara dəstək olunacaqdır.