Sosial Fəaliyyətlər ADA Universitetində “Mədəniyyətlərin Birləşdiyi Ölkə” Konfransı Keçirilib

ADA Universitetində “Mədəniyyətlərin Birləşdiyi Ölkə” Konfransı Keçirilib

8

Konfransda ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra azsaylı xalqların və etnik azlıqların mədəniyyəti, tarixi yaşayışları, adət-ənənələri və onlara göstərilən dövlət qayğısını özündə əks etdirən sənədli film və jurnalın təqdimatı keçirilib.

Tədbirin rəsmi açılış hissəsində Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov çıxış edərək öz fikirlərini iştirakçılarla bölüşüblər.

Konfrans rəsmi hissədən sonra panel müzakirəsi ilə davam edib. Belə ki, NAYORA-nın Baş katibi Ramin Həbibzadənin moderatorluğunu etdiyi panelin spikerləri qismində İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Ofisinin Baş direktoru vəzifəsini icra edən Vüsal Qurbanov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əli Həzi, Mənəvi Dəyərlərin Təbliği Fondunun İcraçı direktorunun müavini Hatəm Gülməmmədov, Avropa Gənclər Parlamenti Azərbaycan İctimai Birliyinin prezidenti Güldanə Dadaşova çıxış edib.

Panel müzakirəsi zamanı Azərbaycanın Multikulturalizm Siyasətinin beynəlxalq arenada gənclərimiz vasitəsilə həyata keçirilməsi, müasir mədəniyyətdə ənənəvi dəyərlərin yaşadılması kimi mövzular müzakirə edilərək, iştirakçıların ünvanladığı suallar cavablandırılıb.

Tədbridə Gəncliyə Yardım Fondunun nümayəndəsi Qoşqar Abbasov da iştirak edib.