Sosial Fəaliyyətlər GYF-də Qarabağ Qazisinin Yubiley Tədbiri Keçirilib

GYF-də Qarabağ Qazisinin Yubiley Tədbiri Keçirilib

20

İyunun 23-də Qafqaz Media İctimai Birliyinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda əlil vəziyyətdə Qarabağ döyüşlərində tibb bacısı kimi xidmət göstərən ilk qadın Rüxsarə Cumayevanın  “Qarabağın TUTUSU-60” adlı yubiley tədbiri keçirilib.

Tədbir vətən uğrunda canını fəda edən şəhidlərin əziz xatirələrinin 1 dəqiqəlik sükutla anılması ilə başlayıb. Tədbirin aparıcı gənc yazar Qabil Ədalət yubliyarı təbrik edib, onun keçdiyi zəhmətli döyüş yolunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Millət vəkili Aydın Mirzəzadə yubliyarı təbrik edib. Onu xidmətlərinə görə cəsarətli qadın adlandırıb. Jurnalist Rey Kərimoğlu Rüxsarə Cumayevanın vətənpərvərlik hissini yüksək qiymətləndirib. İlk hərbi qadın komandir, şairə Aidə Şirinova da səbəbkarı təbrik edənlər sırasında yer alıb. Onun “Harda şəhid, qazi adı varsa, həmin dünyanın axıra qədər gedərəm. Çünki onların nədən ötrü şəhid olduğunu bilirəm” fikirləri alqışlarlar qarşılanıb. Keçmiş hərbi jurnalist Aybəniz Qafarova da Qarabağın Tutusunu öz söz çələngi ilə təbrik edib. Şairə müəllifi olduğu bir neçə şeiri səsləndirib. O bütün müharibə iştirakçılarını canlı şəhid adlandırıb.

Daha sonra şəhid valideynləri və qazilər çıxış ediblər, gənclər vətənpərvərlik şeirləri səsləndiriblər.

Qeyd edək ki, Rüxsarə Cumayeva Gəncliyə Yardım Fondunun rəhbərliyi ilə görüşərək göstərdikləri diqqətə görə Fondun prezindenti Ahmet Tecimə təşəkkürünü bildirib.

Qarabağ döyüşlərində cəsarətlə xidmət edən Rüxsarə Cumayevaya Gəncliyə Yardım Fondu tərəfindən xatirə hədiyyəsi tədqim edilib.