Sosial Fəaliyyətlər Türkiyənin Azərbaycandakı Səfiri Gəncliyə Yardım Fondunun Ənənəvi İftar Süfrəsində İştirak Edib

Türkiyənin Azərbaycandakı Səfiri Gəncliyə Yardım Fondunun Ənənəvi İftar Süfrəsində İştirak Edib

33

10-da Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün və xanımı Zühre Akgün, səfirliyin müşavirləri, Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, MÜSİAD Azərbaycanın rəhbəri Fuat Kayhan, Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Maarif Məktəbləri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi və Bakı Türk Anadolu Liseyi məktəblərinin rəhbər və müəllim kollektivi, həmçinin media nümayəndələri Gəncliyə Yardım Fondunun təşkil etdiyi ənənəvi iftar süfrəsində iştirak ediblər.

Tədbirdə çıxış edən Salih Zeki Meriç qonaqları salamlayaraq Ramazan ayının birlik, paylaşma və mənəvi yaxınlaşma ayı olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri bu gün hər iki ölkənin liderlərinin həyata keçirdiyi siyasət nəticəsində daha da möhkəmlənir. Bu münasibətlərin xalqlarımız arasında tarixi və mənəvi bağlara söykəndiyini vurğulayıb.

Salih Zeki Meriç çıxışında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək ona Allahdan rəhmət diləyib. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərə Allahdan rəhmət, qazilərə isə şəfa arzulayıb.

O, çıxışının sonunda belə mənəvi mühitdə keçirilən iftar süfrəsinin Azərbaycan–Türkiyə qardaşlığının və birlik ruhunun daha da güclənməsinə xidmət etdiyini bildirərək tədbirə qatılan bütün qonaqlara təşəkkür edib və Ramazan ayının hər kəsə bərəkət və xeyir gətirməsini arzulayıb.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün Ramazan ayının birlik, bərabərlik və paylaşma ayı olduğunu vurğulayaraq, Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla davam etdiyini qeyd edib. Səfir bildirib ki, Türkiyəli qardaşlarımız Azərbaycanda, azərbaycanlı qardaşlarımız isə Türkiyədə olduqları müddətdə özlərini doğma torpaqlarında, öz evlərində hiss edirlər. Bu səmimi münasibətlərin iki qardaş xalqın tarixindən, mədəniyyətindən və ortaq dəyərlərindən qaynaqlandığını vurğulayıb

Cənab səfir Ramazan ayı münasibətilə tədbir iştirakçılarını təbrik edib və belə mənəvi mühit yaradan iftar süfrəsinin təşkilinə görə Gəncliyə Yardım Fonduna təşəkkürünü bildirib.