Təhsil Fəaliyyətləri GYF-da Ümummilli Lider Heydər Əliyevin Anadan Olmasının 93-cü İldönümü ‎Qeyd Olundu

GYF-da Ümummilli Lider Heydər Əliyevin Anadan Olmasının 93-cü İldönümü ‎Qeyd Olundu

11

Gəncliyə Yardım Fondunda (GYF) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə konfrans keçirilib. Tədbir çərçivəsində həmçinin, Bakı şəhər orta ümumtəhsil məktəbləri arasında keçirilən “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzulu inşa yazı müsaqəsinin qalibləri elan olunub. Tədbirdə Gəncliyə Yardım Fondu Himayəçilər Şurasının Sədri Ahmet Tecim, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Prezident Administrasiyasının nümayəndələri, şəhər məktəblərinin müəllim və şagird kollektivi iştirak edib.

 Öncə Azərbaycanın dövlət himni səslənib və Ulu Öndərin həyatına və siyasi fəaliyyətinə həsr olunmuş video-çarx təqdim edilib. Konfransın açılışını edən Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri Ahmed Tecim Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb: “Azərbaycan gəncliyinin milli-mənəvi ruhda tərbiyə olunmasında Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev əvəzolunmaz işlər həyata keçirib, gənclərə doğru yol göstərib və nümunə olublar. Ümummilli Lider 1992-ci ildə Gəncliyə Yardım Fondunu yaradarkən bizə bütün imkanları ilə dəstək olub. Onun siyasi fəaliyyəti dövründə Azərbaycan özünün ən ali inkişaf mərhələsinə qədəm qoyaraq, beynəlxalq əlaqələrini genişləndirdi. Türkiyə ilə Azərbaycanın keçmişə dayanan dostluğunda Heydər Əliyevin əvəzsiz xidməti var”.   

Tədbirdə çıxış edən Prezident Administrasiyasının məsul işçisi Rahu Qurbanova bildirib ki, Ulu Öndər güclü siyasi lider olmaqla yanaşı, həm də torpağını sevən, vətənpərvər şəxsiyyət idi: “Heydər Əliyev hakimiyyətdə olduğu illərdə hər zaman gənclərə yol göstərib, siyasi fəaliyyətində onların potensialına etimad edib. Ümummilli Lider Azərbaycanın gələcəyini daim gənclərin gücündə görüb. Onun dəstəyi ilə xarici ölkələrdə təhsil alaraq, Azərbaycanı dünyada təmsil etməyə başlayan gənc nəsil formalaşıb. Bu gün ölkəmiz mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Azərbaycanın adına yazılan bu uğurlar Heydər Əliyevin xidmətinin nəticəsidir”.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək qeyd edib ki, Ümummilli Lider gənclərlə təşkil olunan görüşlərdə iştirak edir, onların fikirlərini qiymətləndirirdi: “1996-cı ildə Azərbaycanda maliyyə çətinlikləri hökm sürürdü. Həmin illərdə dünya ölkələri Azərbaycanda baş verən bütün siyasi, iqisadi çətinliklərdən xəbərsiz idi. Ulu Öndər ölkəmizin dünyada tanınması məqsədilə, idmana xüsusi qayğı ilə yanaşaraq, gənclərimizin beynəlxalq arenada təmsil olunmasına yer ayırdı. Həmin il keçirilən Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançımız hakimlərin ədalətsizliyi nəticəsində bolqar idmançısına məğlub olur. Vətənə qayıdan həmyerlilərimizlə görüşən Ulu Öndər onlara öz çıxışı ilə ruh yüksəkliyi verib. Həmin hadisədən sonra növbəti Yay Olimpiya Oyunlarında yarışan idmançımız ABŞ-lı rəqibi üzərində qələbə çalaraq ölkəmizə qızıl medalla qayıdır. Bu göstərdiyim nümunə Ümummilli Liderin gəncliyə verdiyi dəyərin nümunəsidir.

Dünyada 5000 xalq, 200-dən çox dövlət var. Lakin hər ölkədə dövlətçilik ənənəsi yoxdur. Heydər Əliyev Azərbaycan xalqına dövlətçilik ənənəsini aşıladı.

2006-cı ildə BMT dünyaya səslənərək gənclərə qayğı ilə yanaşmağı, onlar haqqında proqramlar, dövlət qurumları yaratmağı tövsiyə edir. Lakin Heydər Əliyev bundan on il öncə, 1996-cı ildə gənclərin gələcəyini düşünərək indiki Gənclər və İdman Nazirliyinin əsasını qoyur. Yüksək potensiallı gəncləri qiymətləndirərək, xarici ölkələrə təsil almağa göndərir, ölkə əhəmiyyətli layihələrin icrasında savadlı gənc kadrlara yer verir. Bütün bunlar Azərbaycan gəncliyinə olan diqqətin bariz nümunəsidir”.

Tədbir “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsinin birinci, ikinci, üçüncü yer tutan və fərqlənən şagirdlərin mükafatlandırılması ilə davam edib. Şagirdlərə sertifikat və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, müsabiqənin nəticələrinə əsasən, Suraxanı rayon 327 saylı orta məktəbin şagirdi Tahirova Aysel üçüncü yerə, Nərimanov rayonu Humanitar liseyin şagirdi Nəbiyeva Zərnigar ikinci yerə, Səbail rayon 7 saylı orta məktəbin şagirdi Əlizadə Firəvan isə birinci yerə layiq görülüb.