Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə noyabrın 13-də “Baku Crystal Hall”un Media Mərkəzində 100-dən çox gənclər təşkilatının təmsil olunduğu V Respublika sərgisi açılıb.
Sərginin açılışında Baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, eləcə də gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
V Respublika sərgisində gənclər təşkilatlarına özlərini təqdim etmələri, nailiyyət və imkanlarını göstərmələri, təcrübə mübadiləsi aparmaları və ictimai əlaqələrini genişləndirmələri üçün əlverişli şərait yaradılıb. Respublikamızdakı Gənclər evlərinin də təmsil olunduğu sərgi çərçivəsində gənclər üçün müxtəlif mövzularda təlimlər və maarifləndirici tədbirlər də keçirilir.
Gəncliyə Yardım Fondu da sərgidə ən fəal şəkildə təmsil olunub. Gəncliyə Yardım Fondunun pavilionunda ziyarətçilərə təşkilatın fəaliyyəti və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib. Ziyarətçilər eyni zamanda yaxın gələcəyə planlaşdırılan layihələr barədə məlumatlandırılıblar.
Eyni zamanda Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və digər nümayəndələr Gəncliyə Yardım Fondunun fəaliyyəti ilə yaxından tanış olublar və həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndiriblər.
Qeyd edək ki, sərgi Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.4-cü yarımbəndinin (Gənclər təşkilatlarının fəaliyyətinin təşviq edilməsi, onların həyata keçirdikləri layihə və tədbirlər haqqında cəmiyyətin məlumatlandırılması və gənclərin ictimai fəaliyyətə cəlb olunmalarının stimullaşdırılması məqsədi ilə sərgilərin təşkil edilməsi) icrası istiqamətində təşkil olunub.