Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında 2 fevral Gənclər gününə həsr olunmuş “Kitab Oxu Gənc Qal” adlı tədbir keçirilib. Tədbirdə Millət Vəkili Vüqar İskəndərov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar, TUMİB başqanı Tural Əfəndiyev, Kişilər Klubunun təsisçisi Vəfadar Babayev, “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Elçin Manafov, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri Eldəniz Salmanov, Azərbaycanın müxtəlif univeristetlərində təhsil alan tələbələr və “Oxu və Qazan” müsabiqəsində fərqlənmiş şəxslər iştirak edib.
Tədbir vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi, daha sonra isə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşının səsləndirilməsi ilə açıq elan edilib.
Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim tədbir iştirakçılarını salamlayıb və hazırda ölkəmizdə kitab oxuma statistikasının sürətlə aşağı düşdüyünü, gənclərin kitab oxumalarının olduqca dəyərli olduğunu, gənclərin bütün kitablarla birlikdə həyat kitablarını da oxumalı olduqlarını vurğulayıb.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxışında 2 fevral gənclər gününün Ümumilli Lider Heydər Əliyevin gənclərə verdiyi əhəmiyyətin və göstərdiyi qayğının bariz nümunəsi olduğu və Azərbaycan gəncinin hər zaman dövlətinə, millətinə bağlı qaldığını bildirib.
Daha sonra Millət Vəkili Vüqar İskəndərov çıxış edərək qeyd edib ki, Azərbaycan gəncliyi öz gücünü və vətənə sədaqətini məhz Vətən Müharibəsi zamanı göstərib. O, həmçinin gənclərin kitab oxumağa təşviqi sahəsində göstərdiyi xidmətlərə görə Gəncliyə Yardım Fonduna təşəkkürünü bildirib.
Tədbirin sonunda Gəncliyə Yardım Fondu, Light Up Training Platform və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən keçirilən “Oxu və Qazan” müsabiqəsində “Tariximizin Dahiləri” və “Hacı Zeynalabdin Tağıyev” kitabları üzrə qalib və fərqlənmiş şəxslərə mükafatları təqdim edilib.