19 aprel tarixində Gəncliyə Yardım Fondunda Bakı İstedadlı Gənclər Akademiyası (BİGA) və Gənc MUSİAD-ın təşkilatçılığı ilə müxtəlif universitetlərdə oxuyan azərbaycanlı və türkiyəli tələbələr üçün iftar süfrəsi açılıb. Tədbirdə Türkiyənin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağcı, Türkiyə Cumhuriyyəti Bakı Təhsil Müşaviri Nihat Büyükbaş, Türkiyə Cumhuriyyəti Dini Xidmətlər Üzrə Müşavir Zeki Yavuzyılmaz iştirak edib.
Tədbir müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqları salamlayaraq Ramazan ayı münasibətilə hər kəsi təbrik edib. O öz çıxışında bu gözəl günlərin dostlar arasındakı münasibətlərin günclənməsinə vəsilə olacağına inandığını vurğulayıb. Doç. Dr. Cahit Bağcı çıxış edərək gəncliyin dəyərli olduğunu, bundan mümkün qədər istifadə edərək bilik və bacarıqların inkişaf etdirilməsini tövsiyə edib və onların təhsil və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonda Bakı İstedadlı Gənclər Akademiyasın koordinatoru Şahalı Cəlilov və Gənc MUSİAD-ın sədri Tural Süleymanlı gənclərə və fonda öz təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, hər il ənənəvi olaraq Ramazan ayının əvvəlindən sonunadək Gəncliyə Yardım Fondunun konfrans zalında təşkil edilən iftar proqramları bu il də davam edir. Gündəlik 150 nəfər üçün hazırlanan iftar süfrələrində cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar iştirak edir və Ramazan ayının sevincini birlikdə yaşayırlar.