Mətbuatda Dünya Azərbaycanlı Gənclər Birliyinin Təsis Qurultayı Öz İşinə Başlayıb

Dünya Azərbaycanlı Gənclər Birliyinin Təsis Qurultayı Öz İşinə Başlayıb

1

Bu gün “Gülüstan” Sarayında Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirilir. Qurultay iştirak- çıları ilk öncə Ulu öndər Heydər Əliyevin Fəxri xiyabanda qəbirüstü abidəsi önünə gül-çiçək dəstələri düzüblər, daha sonra Şəhidlər xiyabanını ziyarət ediblər. 

   Qurultayda Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və Fondun vitse-prezidenti Salman Əliyev iştirak etmişdir.

     Məlumat üçün bildirək ki, qurultayda xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis edilmiş təşkilatların nümayəndələrindən, respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçilərindən, dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alan fəal azərbaycanlı gənclərdən, həmçinin Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən ibarət 500-dək nümayəndə və qonaq iştirak edir. 

     Qurultay çərçivəsində 3 panel üzrə müzakirələr keçiriləcək. Birinci paneldə “Xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması və cəmiyyətə inteqrasiyası mədəniyyətlərarası dialoqun vacib elementlərindən biri kimi” mövzusu ətrafında məruzələr ediləcək və müzakirələr aparılacaq. İkinci panelin mövzusu “Azərbaycan lobbi quruculuğu: müasir dünyanın reallıqları və tarixi təcrübə gənclərin baxış bucağında”, üçüncü panelin mövzusu isə “Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yeni təbliğat üsullarından istifadə və müasir informasiya texnologiyalarının tətbiqi” olacaq. 

     Panellər üzrə müzakirələr tamamlandıqdan sonra qurultay sənədlərinin müzakirəsinə başlanacaq. Dünya Azərbaycanlı Gənclər Birliyinin Nizamnaməsi, Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının Qətnaməsi, təşkilatın 2012-2015-ci illər üçün Fəaliyyət Proqramı və digər sənədlər qəbul olunacaq. Daha sonra Dünya Azərbaycanlı Gənclər Birliyinin rəhbər orqanları seçiləcək. 

     Xatırladaq ki, “Azərbaycan Gəncliyi Dövlət Proqramı”na uyğun olaraq 2010-cu ilin noyabr ayında Almaniyanın Frankfurt şəhərində keçirilmiş Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin qətnaməsinə əsasən Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi ilə əlaqədar təşəbbüs qrupu yaradılıb. 5 iyul 2011-ci il tarixində Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının III Qurultayının qətnaməsində Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis edilməsi təşəbbüsü təqdir edilib və bu prosesin sürətləndirilməsi üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb.