Sosial Fəaliyyətlər Bakıda Qarabağa xitabən məktub yazan şair anıldı

Bakıda Qarabağa xitabən məktub yazan şair anıldı

6

Türk dünyasının tanınmış şairlərindən Abdurrahim Karakoçun xatirəsinə “Aşk deyince ötesini arama” adlı böyük ədəbi-bədii gecə keçirilib. Lent.az-ın məlumatına görə, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən tədbir millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi” tərəfindən təşkil edilib.

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşavirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə keçirilən tədbirdə Türkiyə və Azərbaycan  millət vəkilləri, şairin ailə üzvləri və ziyalılar  iştirak edib.

Ədəbi hissədən əvvəl çıxış edən Qənirə Paşayeva türk dünyası ədəbiyyatında özünəməxsus üslub və dəst-xətti olan Abdurrahim Karakoç poeziyasının vurğunu olduğunu deyib.  “Mihriban” şeiri ilə şairin yaradıcılığına daha da bağlandığını deyən  Qənirə Paşayeva bildirib ki,  ona  şairlə sağlığında  görüşmək qisməti olduğu üçün çox xoşbəxtdir: “Abdurrahim Karakoç təkcə şair deyil, eyni zamanda dəyərli bir ziyalı idi. Nə yaxşı ki, onunla sağlığında görüşmək mənə nəsib oldu. Onun yaradıcılığını izləyən ədəbiyyatsevərlər bilir ki, Abdurrahim bəyin ürəyi türk coğrafiyası, türk insanının yaşantısı və sevinc və kədəri  ilə döyünürdü. Bu baxımdan da o, Azərbaycanla bağlı Qarabağa xitabən məktub yazmışdı. O, həyata əlvida desə də, bizlərə və eləcə də bundan sonra yetişən türk gəncliyinə dəyərli əsərlərini buraxdı.”