Sosial Fəaliyyətlər Gənc Yazarla Görüş Keçirildi

Gənc Yazarla Görüş Keçirildi

2

Bu gün Gəncliyə Yardım Fondunda  “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi “Yazarlar ilə görüş” layihəsi çərçivəsində “Dalğa” romanının müəllifi, “kulis.az”-ın əməkdaşı, gənc yazar Svetlana Turan ilə oxucuların görüşünü  keçirib. Tədbirin aparıcısı “Yeni Üfüq” İctimai Birliyi gənclər şöbəsinin fəalı Səbinə Əliyeva idi. İlk öncə çıxış edən “Yeni Üfüq” İctimai Birliyinin sədri Sevinc Əzimbəyli “Yazarlar ilə görüş” layihəsinin ölkənin ədəbi mühitində olan gənc, istedadlı yazarların tanıdılması və təbliğ olunması yolunda vacib önəmindən danışıb. İstedadlı gənc yazar Svetlana Turan “Dalğa” romanından və ədəbi yaradıcılığından tədbir iştirakçılarına geniş söz açıb.

 Tədbirdə “Yeni Üfüq” İctimai Birliyinin sədr müavini Xanım Qasımova yazar haqqında öz fikirlərini bildirib. Görüşdə Nizami rayonu 220 nömrəli məktəbin şagirdləri: Azər Həsənov, Sona Abdullayeva, Nərmin Kərimli Svetlana Turanın müəllifi olduğu “Dalğa” romanından hekayələr səsləndiriblər. Tədbirdə “Qarabağ Seyid Ocaqları”nın təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli, “Yeni Üfüq” İctimai Birliyinin gənclər şöbəsinin rəhbəri Elvin Süleymanov, Cəmilə Hüsəynova, Reyhan Yusifqizi çıxış edərək gənc yazar Svetlana Turana öz yaradıcılığında uğurlar diləyiblər. Tədbirin sonunda “Yeni Üfüq” İctimai Birliyinin sədri Sevinc Əzimbəyli “Yazarlar ilə görüş” layihəsinin qonağı olan yazar Svetlana Turana təşəkkür edərək, birliyin adından xatirə olaraq plaket və hədiyyə təqdim edib.