Sosial Fəaliyyətlər “İslahatçı Gənclər” “GYF” də yeddi yaşını qeyd etdi

“İslahatçı Gənclər” “GYF” də yeddi yaşını qeyd etdi

9
????????????????????????????????????

Bu gün Gəncliyə Yardım Fondunda “İslahatçı Gənclər” İctimai Birliyinin(İB) fəaliyyətə başlamasının yeddi illiyi ilə əlaqədar geniş tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatları, dövlət məmurları, elm və mədəniyyət xadimləri, müxtəlif qeyri-hökumət təşkilatlarının rəhbərləri, mətbuat nümayəndələri və gənclər iştirak edib. Tədbir Azərbaycan Dövlət Himninin sədaları altında açıq elan edildi.

“İslahatçı Gənclər” İctimai Birliyinin fəaliyyətindən bəhs edən klipin təqdimatından sonra tədbiri giriş sözü ilə açan İB sədri Fərid Şahbazlı bildirdi ki, bu tədbir onlar üçün üçqat əlamətdardır: “Biz bu gün həm təşkilatın ad gününü qeyd edir, həm bugünədək bizimlə birgə addımlayan, ölkəmizdə həyata keçirlən dövlət gənclər siyasətinə dəstək verən dəyərli dostlarımızı mükafatlandırır və ən nəhayət qarşıdakı seçkilərlə bağlı öz siyasi qərarımızı açıqlayırıq”.

İB sədri qeyd edib ki, 2006-cı ildə “Gənc Liderlər” Uşaq Təşkilatı kimi fəaliyyətə başlayan, 2011-ci ildən etibarən “İslahatçı Gənclər” İctimai Birliyi adı altında dövlət qeydiyyatına alınmış formada çalışan gənclər birliyinin 7 yaşı tamam olur. Fərid Şahbazlı söyləyib ki, məktəbli ikən çox böyük ümidlərlə yaratdıqları bu təşkilat hazırda ölkəmizin ən iddialı və strukturlaşmış təşkilatlarından biridir: “Biz bu illər 600-ə yaxın müxtəlif istiqamətli layihələr reallaşdırıb, gənclər sektorunda özümüzə məxsus yer tuta bilmişik. Hazırda birliyimizin ölkəmizin üç bölgəsində(Lənkəran, İsmayıllı və Gəncə), yeddi universitetdə təmsilçilikləri fəaliyyət göstərir. Fəaliyyətimiz boyu kəmiyyətə deyil, keyfiyyətə üstünlük verdiyimizdən, təşkilatın sıralarında ölkəmizin yüzlərlə intellektual və dövlətçiliyə bağlı gənci birləşib. 7 il ərzində ölkəmizin 25 rayonunda, dünyanın 6 ölkəsində müxtəlif tədbirlər təşkil edib, çoxsaylı konfranslarda iştirak etmişik. Hesab edirəm ki, 7 illik fəaliyyətimiz cəmiyyətin müxtəlif təbəqələri tərəfindən çox böyük etimad və diqqətlə qarşılanır. Təsadüfi deyil ki, bu gün təşkilatımızın Fəxri üzvləri sırasında dəyərli millət vəkilləri, dövlət məmurları, ziyalılar sırasında cəmləşib”.

Çıxışdan sonra Millət vəkilləri Elton Məmmədov, Aydın Mirzəzadə, Kamilə Əliyeva, Zahid Oruc, Qənirə Paşayeva, Musa Qasımlı, Jalə Əliyeva, Ceyhun Osmanlı, Səbail rayon İcra Hakimiyyəti başçısının I müavini Xalidə Bayramova, Respublikanın Əməkdar artisti Aybəniz Haşımova, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Publika.az İnformasiya Portalı və “Gündəlik-Teleqraf” qəzetinin baş redaktotu Aynur Camalqızı və “Səs” Media Şirkətinin rəhbəri Bəhruz Quliyev Azərbaycanda reallaşdırılan dövlət gənclər siyasətinə verdikləri dəstəyə görə “İslahatçı Gənclər” İctimai Birliyinin Fəxri Diplamları ilə təltif olundular.

Çıxış edən qonaqlar Fəxri Diploma görə təşəkkür edərək, “İslahatçı Gənclər” İctimai Birliyinin ölkənin gənclər sektorundakı fəaliyyətini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, bu gün Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə prezidenti cənab İlham Əliyev tərəfindən olduqca uğurla davam etdirilən dövlət gənclər siyasəti həyata keçirilir.

Daha sonra Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev, “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev, AGAT sədri Gülsel Səfərova, ASAİF-in baş katibi Vüsal Qurbanov, TUMİB sədri Çingiz Bayramov, Dialoq Avrasiya Təşkilatının Gənclər Qolunun rəhbəri Edil Həsənov çıxış edərək, “İslahatçı Gənclər” Birliyinin fəaliyyəti haqqında öz təəssüratlarını bölüşüblər.

Fərid Şahbazlı tədbirin sonunda qeyd edib ki, onlar bütün fəaliyyətləri boyu daim dövlətçilik mövqeyindən çıxış edib və ölkə prezidenti İlham Əliyevin siyasi xəttini müdafiə ediblər: “Yolumuz və məqsədimiz aydındır. Birliyimiz qarşıdakı prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi haqqında qərar qəbul edib. Biz Cənab Prezidentin rəhbərliyi altında ölkədə aparılan islahatları dəstəkləyir və bunun davamlı olmasını arzu edirik. Hesab edirik ki, qarşıdakı seçkilərdə cənab prezidentin qələbəsi həm də ölkə gəncliyinin qələbəsidir”.