Sosial Fəaliyyətlər Bakıda Seyid Yəhya Bakuviyə həsr olunan beynəlxalq simpozium keçirilib

Bakıda Seyid Yəhya Bakuviyə həsr olunan beynəlxalq simpozium keçirilib

13

Bu gün Bakıda “Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və Xəlvətilik” mövzusunda Beynəlxalq Simpozium öz işinə başlayıb. SİA-nın məlumatına görə, simpozium Şamaxı Cümə məscidi haqqında çəkilən “Əbədi işığın abidəsi” filminin nümayişi ilə başlayıb.

Rəsmi açılış mərasimində çıxış edən Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib ki, Heydər Əliyev Fondunun təşəbbüsü UNESCO tərəfindən elan edilən Seyid Yəhya Bakuvi (Şirvani) ili çərçivəsində 30-dan artıq silsilə tədbirlər keçirilib və ötən ay Parisdə UNESCO-nin mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və Dövlət Komitəsinin təşkilatçılığı ilə Seyid Yəhya Bakuviyə həsr edilən “Seyid Yəhya Bakuvi: Tolerntlığın ifadəsi” adlanan Simpozium bu silsilə tədbirləri beynəlxalq müstəviyə çıxarıb.

E. İskəndərov Seyid Yəhya irsinin və təsəvvüf yolunun Azərbaycanda milli kimliyin əsasında duran dini tolerantlığın formalaşmasında xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdıraraq bildirib ki, ölkəmizdə uzun əsrlər boyu formalaşmış tolerantlıq ənənələri bu gün Azərbaycan dövləti tərəfindən təşviq edilir.

Bu ilin UNESCO tərəfindən “S.Y.Bakuvi ili“ elan olunmasının da məhz Heydər Əliyev Fondunun təşəbbüsü nəticəsində ərsəyə gəlməsini diqqətə çatdıran Dövlət Komitəsinin sədri, həmçinin qeyd edib ki, S.Y.Bakuvi və onu şöhrətləndirdiyi Xəlvətiyyə təriqətinin dünyaya buraxdığı irs – istər dinlərarası tolerantlıq dünyagörüşünün, istər məzhəblərarası münaqişələrin qarşısının alınmasında, istərsə də dini radikalizmlə mübarizədə bu gün də aktuallığını itiriməyib.

Simpoziumda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib ki, Azərbaycan mədəniyyətinin dünya miqyasında inkişafı çox mühüm məsələdir: “Mədəniyyətimizin dünyaya tanıdılması istiqamətində bir sıra vacib işlər görülür. Qeyd etmək istərdim ki, Seyid Yəhya Bakuvini dünyaya tanıtmaqla həm onu, həm də Azərbaycanı tanıtmış oluruq. Çünki son nəticədə dünya həm Seyid Yəhya Bakuvini, həm də Seyid Yəhya Bakuvilər yetişdirən böyük xalqı və onun böyük mədəniyyətini tanımış olur”.

Türkiyənin Diyanət İşlər Başqanının müavini Prof.Dr. Hasan Kamil Yılmaz çıxışı zamanı bir neçə gün əvvəl Əskişəhərdə keçirilən simpozumu xatırladaraq vurğulayıb ki, bu silsilə tədbirlərinin yekunun məhz Bakıda Seyid Yəhya Bakuvinin vətənində keçirilməsi xüsusilə əhəmiyyətlidir.

Prof.Dr. Hasan Kamil Yılmaz Heydər Əliyev Fondunun təşəbbüsü ilə UNESCO tərəfindən bu ilin Seyid Yəhya Bakuvi ili elan edilməsini dəyərləndirərək əlavə edib ki, dahi mütəfəkkirin bütün islam dünyasına olan xidmətlərinin tanıdılması istiqamətində bu çox böyük addımdır.

Digər çıxış edənlər qeyd ediblər ki, bu gün ölkəmizdə mövcud tolerantlığın qaynağı məhz Seyid Yəhya Bakuvi kimi dahilərin yaşatdığı məktəbin nəticəsidir. Azərbaycan üçün Seyid Yəhya Bakuvi və onun kimi tarixi şəxsiyyətlərin irsinin öyrənilməsi və təbliği xüsusi əhəmiyyət kəsb edir.

Tədbir irfan musiqisindən ibarət konsert proqramı ilə davam edib.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu, Qafqaz Universitetləri Birliyi və Milli Tolerantlıq Mərkəzi ilə birlikdə təşkil etdiyi simpoziuma Azərbaycan, Türkiyə, Orta Asiya və Balkan ölkələrindən 70-dən çox qonaq, o cümlədən rəsmi şəxslər, elm adamları və din xadimləri qatılıblar. 

Eyni zamanda simpoziumda iştirak edən qonaqlar 24.11.2013-cü il tarixində Gəncliyə Yardım Fondunun qonağı olublar. Yemək süfərsi ərtafında davam edən görüşdə Fondun həyata keçirdiyi fəaliyyətləri özündə əks etdirən video-rolik nümayiş etdirilb. Fondun fəaliyyətləri ilə yaxından tanış olan qonaqlar fondun iki qardaş dövlət arasındakı münasibətlərin daha da gücləndirilməsi yolundakı fəaliyyətlərini yüksək qiymətləndiriblər. Görüşün sonunda qonaqlara bir sıra hədiyyələr, o cümlədən Qarabağ: Suallar və Faktlar, Mədəniyyətimizin Qəndilləri kitabları təqdim edilib və xatirə şəkilləri çəkilib.