Sosial Fəaliyyətlər “Ağla, qərənfil, ağla” kitabı çapdan çıxmışdır

“Ağla, qərənfil, ağla” kitabı çapdan çıxmışdır

2

20 Yanvar faciəsinin 24-cü ildönümü ərəfəsində “Ağla, Qərənfil, ağla” kitabı çapdan çıxmışdır.
AzərTAc xəbər verir ki, Gəncliyə Yardım Fondunun maliyyə dəstəyi ilə “İpəkyolu” nəşriyyatında çap olunun kitabda Əməkdar Mədəniyyət İşçisi, şair Məmməd Aslanın xalqımıza qarşı törədilmiş dəhşətli 20 Yanvar faciəsinə həsr etdiyi “Ağla, qərənfil, ağla” şeiri yer almışdır.
Kitabın müəllifi Məmməd Aslan, redaktoru Gəncliyə Yardım Fondunun mətbuat şöbəsinin müdiri Eldar Kərimov, rəssamları Yavər Əsədov və Murad Yavəroğlu, dizayneri Sərxan İsgəndərovdur.
Kitabda “Ağla, qərənfil, ağla” şeiri fərqli bir üslubda təqdim olunmuşdur. Ümumilikdə 103 səhifədən ibarət olan kitabın hər səhifəsi o günün müsibətini bir daha gözlər önündə canlandıran fotoşəkillər və “Ağla, qərənfil, ağla” şeirinin bir bəndi ilə açılır.

Kitabın “Redaktordan” olan bölməsində Eldar Kərimov dəyərli şairimizin “Ağla, qərənfil, ağla” şeirinin 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş ilk poeziya nümunəsi olduğunu diqqətə çatdıraraq onu şəhidlərimizin xatirəsinə ucaldılmış söz abidəsi adlandırmışdır.
Nəşrdə qeyd edilir ki, faciənin ertəsi günü yazılmış şeir xalqımızın başına gətirilən müsibəti tam açıqlığı ilə ortaya qoymuş və qısa müddətdə dillər əzbərinə çevrilmişdir. Həmin şeirlə günahsız insanlara mərhəmət edilmədən işlədilmiş bu cinayət sadəcə tarix kitablarının səhifələrində deyil, həm də Azərbaycan xalqının yaddaşına həkk olunmuşdur.
Redaktor oxucuların diqqətinə çatdırır ki, Məmməd Aslanın 20 Yanvar faciəsini özündə hərtərəfli əks etdirən, qanlı qırğından dərhal sonra analarımızın laylasına çevrilən bu unudulmaz şeiri ilk dəfədir ayrıca kitab şəklində nəşr olunur.