Sosial Fəaliyyətlər “Gözəl insan modeli” adlı psixoloji konfrans keçirildi

“Gözəl insan modeli” adlı psixoloji konfrans keçirildi

1

13 aprel 2014-cü il tarixində Gəncliyə Yardım Fondunun akt zalında nəzəri və təcrübi psixologiya sahəsində çoxsaylı elmi və elmi-publisistik kitabların müəllifı tanınmış Türkiyəli alim, İstanbul şəhəri Üsküdar Universitetinin rektoru, professor Nevzat Tarhanın iştirakı ilə psixologiya elminin dünya miqyasında qazandığı son uğurlara həsr olunmuş “Gözəl insan modeli” adlı geniş elmi-kütləvi konfrans keçirildi. Konfransda ölkəmizin müxtəlif ali təhsil müəssisələrində əsasən psixologiya, sosiologiya və fəlsəfə sahəsində çalışan , habelə müstəqil tədqiqat aparan alimləri, tanınmış ziyalıları, geniş tələbə auditoriyasından çeşidli təhsil ocaqlarının nümayəndələri, ölkəmizdə Nevzat Tarhan yaradıcılığıyla tanış olan oxucu və tədqiqatçı kontingentinin təmsilçiləri, orta ümumtəhsil məktəbləri şagirdlərinin bir qismi, kütləvi informasiya vasitələrinin bütün qollarını təmsil edən media mənsubları və digər maraqlananlar iştirak edirdilər.

Elm Yurdu Sosial Tədqiqatlar İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən konfransı təşkilat adından tanınmış sosioloq Əbülfəz Süleymanlı giriş sözü il açdı. O, konfransın mövzusunu və Nevzat Tarhanın elmi praktiki yaradıcılığını müxtəlif aspektlərdən yığcam şəkildə şərh edərək giriş üçün zəruri müqəddimə hazırladı. Daha sonra söz professor Nevzat Tarhanın özünə verildi. Qonağımız sosial, psixoloji, dini, fəlsəfi, bioloji, hətta siyasi və iqtisadi elmlərin insanla bağlı çağdaş tədqiqatlarda toqquşduğu məqamlara diqqət çəkərək, bu anlaşılmazlıqların həlli sahəsində özünün sağlam məntiqə söykənən şərhlərini verdi. Bu münasibətlə Qərb materialist düşüncəsinin və rasionalizminin təsiri nəticəsində maddiyatın təsirinə çevrilən insanın milli dəyərlər kontekstində azadlıq şanslarını formulə etdi. Fərdi və toplumsal dəyərlər sistemində “gözəl insan nədir?” sualını ən müxtəlif aspektlərdən işıqlandıraraq, bu anlayışın yeni modelinin aydın konturlarını çəkdi.

Daha sonra tanınmış alim Nevzat Tarhan konfrans iştirakçılarınm və media mənsublarının çoxsaylı və çoxçeşidli suallarını cavablandırdı.

Konfransın sonunda iştirakçılar yekdilliklə qonağımıza bundan sonra da Azərbaycana tez-tez gəlməsini və dəyərli elmi axtarışlarım həmkarları və oxucuları ilə bölüşdürməyi arzu etdilər.