Sosial Fəaliyyətlər Azərbaycan Gənclərinin VII Forumu Keçirildi

Azərbaycan Gənclərinin VII Forumu Keçirildi

24

02-03 iyun 2014-cü il tarixləri arasında  keçirilən forumda Bakı daxil olmaqla, 80-dən artıq rayonun 1739 nümayəndəsi iştirak edib.

Forumda, həmçinin qeyri-hökumət, gənclər təşkilatlarının, tələbə gənclər təşkilatlarının rəhbərləri, dövlət rəsmiləri, mərkəzi icra strukturlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri və digərləri iştirak ediblər…

Tədbirdə Prezidenti administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub.

Gənclər və idman naziri Azad Rəhimov ötən Forumdan bu günədək görülən işlər barədə ətraflı məlumat verib. Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edib. Daha sonra Azərbaycanın gənclər siyasəti ilə bağlı videoçarx nümayiş etdirilib.

Forumun açılış mərasimindən sonra gənclər 5 seksiya üzrə işlərini davam etdirib. Seksiyalarda gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi, gənclərin ictimai həyatda iştirakı və beynəlxalq əməkdaşlığı, müasir gənclərin təhsil və elmin inkişafında yeri və rolu, gənclərin sosial inkişafı və sahibkarlıq, yaradıcı gənclərə dəstək və ölkənin innovativ potensialı istiqamətində müzakirələr aparılıb.

Həmçinin son forumdan keçən 3 il ərzində görülən işlər barədə hesabat verilib, qarşıda duran vəzifələr və Azərbaycan gəncliyinin aktual problemləri müzakirə olunub.

Forumun sonunda qətnamə və forum iştirakçılarının Azərbaycan gənclərinə müraciəti qəbul olunub.

Qeyd edək ki, Forum prezident İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq yarımbəndinin icrasının təmin edilməsi məqsədilə keçirilmişdir.