Sosial Fəaliyyətlər Simpozium İştirakçıları Gəncliyə Yardım Fondunda Bir Araya Gəldi

Simpozium İştirakçıları Gəncliyə Yardım Fondunda Bir Araya Gəldi

3

28.11.2014 tarixində Türkiyə Respublikası Başnazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Başqanlığı (TİKA) və Türkiyənin “Beyazay” Dərnəyinin birgə əməkdaşlığı ilə Bakıda keçiriləcək simpozium iştirakçıları Gəncliyə Yardım Fondunda bir araya gəldilər. Simpozium çərçivəsində Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin sabiq təhsil naziri, İstanbul millət vəkili Nimet Baş,  Türkiyə Bəyazay Dərnəyinin Baş Direktoru Lokman Ayva və Millət Vəkili Məlahət İbrahimqızı Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının Sədri Ahmet Tecimlə görüş əsnasında fondun fəaliyyətləri ilə yaxından tanış oldular. Qonaqlar fondun həyata keçirdiyi uğurlu fəaliyyətləri yüksək qiymətləndirərək gələcək işlərində uğurlar azuladılar.

 Bundan sonra dəyirmi masa ətrafında fikir mübadiləsi edən simpozuim məruzəçilərini və qonaqlarını ilk olaraq Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının Sədri Ahmet Tecim salamladı və keçiriləcək simpoziumun əhəmiyyətindən danışaraq bu kimi simpoziumların məlumat və təcrübə mübadiləsi baxımdan iki qardaş dövlət arasındakı əlaqələrin daha da güclənməsinə yol açacağını söylədi.

Daha sonra Türkiyə Bəyazay Dərnəyinin Baş Direktoru Lokman Ayva çıxış edərək bu mövzular haqqında insanların maarifləndirilməsinin zəruriliyini vurğuladı. Azərbaycan QHT-lər Formunun sədri Rauf Zeyni öz çıxışında iki qardaş dövlətin QHT-ləri arasında əməkdaşlıqların, təcrübə mübadilələrinin paylaşılmasından söz açaraq simpoziumun işinə uğurlar arzuladı. Azərbaycan Əlillər Cəmiyyətinin sədri Davut Rəhimov və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev də hal-hazırdakı əlillərin vəziyyəti, onların qarşılaşdıqları çətinliklər və bu sahədə görülən işlər haqqında qonaqlara geniş məlumat verdilər.  Daha sonra Türkiyədən gəlmiş qonaqlar Darül-aceze sədri Aylin Çiftçi, Türkiyə Ailə və Sosial Siyasət Nazirliyinin İstanbul üzrə Başçısının Müavini Halis Kuralay və Türkiyə Çox Əlillər Məktəbinin Müdiri Murat Yıldız simpoziumun işinə uğurlar arzulayaraq onlara göstərilən diqqət və qayğıya görə fond rəhbərliyinə təşəkkür etdilər.

Tədbirin sonunda qonaqlara qarşılıqlı hədiyyələr o cümlədən “Qarabağ: Suallar və Faktlar” və “Qardaş Köməyi” kimi milli-mənəvi dəyərlərimizi özündə əks etdirən kitablar  təqdim edilib və xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, simpoziumun məqsədi məlumat və təcrübə mübadiləsi yolu ilə əlil vətəndaşlara verilən xidmətlərin keyfiyyətinin, Azərbaycanda dövlət quruluşları, qeyri-hökümət təşkilatları və universitetlər ilə ünsiyyətin artırılması və təşkil olunması, aktual və keyfiyyətli xidmət və layihələrin genişlədilməsini təqdim etməkdir.

Simpozium çərçivəsində, “Cəmiyyət və Əlillərin İnteqrasiyası” və “Təhsil ilə Maneələrin Dəf Edilməsi” mövzuları altında iki seminar sessiya təşkil olunması nəzərdə tutulmuşdur.