Sosial Fəaliyyətlər “Heç bir zaman kaşki gözlərim görəydi demədim…”

“Heç bir zaman kaşki gözlərim görəydi demədim…”

7

10.01.2015-ci il tarixində anadangəlmə gözləri görməyən Türkiyənin ən məşhur universitetlərindən biri olan Boğaziçi Universiteti psixologiya fakultəsindən məzun olan, Marmara universitetində magistraturasını tamamlayan 3 kitab yazarı Halis Kuralay və onun tələbəsi Yavuz Algülün Gəncliyə Yardım Fondunda universitet tələbələri ilə görüşü olub.

Həyat hekayəsini normal bir insanın həyat hekayəsi kimi izah edən  Kuralay, görə bilməməyin çox çətinlikləri ilə  qarşılaşmasına baxmayaraq, bu vəziyyətindən heç bir zaman şikayət etmədiyini söyləyib. 

Kuralay, “Təbii ki, gözlərimin görməməsi mənim üçün çox çətindir, görməyən bir insan olaraq görməyin nə qədər böyük bir nemət olduğunu düşünə bilirəm. Digər tərəfdən də, görmədən yaşamaq  mənim üçün artıq adi bir haldır. Həyatımın heç bir mərhələsində “Allahım kaş gözlərim açılsaydı” demədim. Bu vəziyyətə elə alışdım ki hələ də demirəm, ancaq görən insanlar bunu başa düşmürlər ” deyə qeyd edib.

Normal bir ailə həyatı, görən bir həyat yoldaşı və dörd uşağı olan Halis Kuralay, ailə həyatında da olduqca maraqlı və hərəkətlidir. Həyat yoldaşı ilə çətin bir prosesdən sonra evlənə bildiyini söyləyən Kuralay, “Həyat yoldaşım görən, normal bir insandır. Biz universitetdən tanış olmuşduq, uzun illər görüşdükdən sonra evlənməyə qərar verdik. Əvvəllər yoldaşımın ailəsi evlənməyimizə qarşı çıxdı, biz də bu vəziyyət qarşısında imtina etdik, ancaq 3 il sonra təkrar qərara aldıq və çətinliklərə sinə gərərək evləndik” deyib.

Gözlərinin görməməsinə baxmayaraq bir çox uğurlar qazanan Halis Kuralayın “Həyatın çətinliklərinin öhdəsindən gəlmək” mövzulu konfransı bütün gənclərin rəğbəti ilə qarşılanıb. Həyatda uğur qazanmağa heç bir şeyin mane ola bilməyəcəyini öz həyatı ilə sübut edən türkiyəli qonaq uğur qazanmaq üçün fərqli motivasiya üsullarından danışıb. “Mənim üçün ən acı şey bir kitabı əlimə alıb oxuya bilməməkdir”, deyən Halis Kuralay bir-birindən maraqlı 3 kitabın “Həyata toxunmaq”, “Kor Qissələr” və “Fatinin  Macəraları” kitablarının müəllifidir. “Universitet imtahanına dostlarımın hazırladıqları səs yazılarıyla hazırlandım” deyən Kuralay bu dünyada hər şeyin mümkün olduğunu və hər kəsin hər şeyi etməyə gücünün çatacağını dedi. Kuralay gənclərə bütün zamanlarını faydalı keçirmələrini, heç bir zaman ümidsizliyə düşməmələrini məsləhət görüb.

Tədbirin sonunda Halis Kuralay və Yavuz Algül gənclərin suallarına cavab verib və Azərbaycan gəncləri ilə birlikdə olmalarından, onlarla birlikdə fikir mübadiləsi etməkdən məmnun olduqlarını bildiriblər.