Sosial Fəaliyyətlər “Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan ənənəvi XII əl işləri...

“Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan ənənəvi XII əl işləri Xeyriyyə Sərgisi”

11

Hər il ənənəvi olaraq Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə “Azərbaycan və Türkiyə xanımlarının əl işləri Xeyriyyə Sərgisi” təşkil edilir. Sərgidən əldə olunan gəlir Azərbaycan xalqının milli problemlərinə həsr olunur. Belə ki,  keçən illərdə təşkil edilən sərgilər; “Xocalıya Yardım”, “Qarabağ Suallar və Faktlar” kitabının nəşri, “Yeddi Uşaq Evinə Yardım”, “Qocalar Evinə Yardım”, “Uşaqlar Arasında Dişlərə Qulluq Mədəniyyətinin Formalaşması”, “Qarabağ Suallar və Faktlar” kitabının türk dilində nəşri,  “25 əlilə əlil arabası” “50 imkansız tələbəyə bir illik təqaüd”   və “Yüz imkansız ailəyə bir illik ərzaq yardımı”, “101 Arzunu Gerçəkləşdir”, “101 Ehtiyac Sahibi Ailəyə Yardım”   “Körpələri Sevindirək”  kimi layihələrə həsr edilmişdir. Bunu da qeyd edək ki, ənənəvi xeyriyyə sərgisinə Azərbaycan xalqının marağı yüksək səviyyədədir.

Bir insanı sevindirməyin nə qədər dəyərli bir əməl olduğunu hər birimiz çox yaxşı bilirik. İnsanları sevmək, onlara qayğı göstərmək, ən azından onların dərdlərinə şərik olmaq, bununla yanaşı öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımıza, onların timsalında imkansız ailələrə imkanımızın çatdığı qədər yardımların edilməsi ən azından insanlıq və vətəndaşlıq borcumuzdur. Bu ülvi qayəni qarşısına məqsəd qoyan Gəncliyə Yardım Fondu bu işdə hər kəsi birliyə və həmrəyliyə dəvət edir.

İllərdir ehtiyac sahibi olan ailələrə yardım edən və onlara hər zaman qayğı göstərən “Gəncliyə Yardım Fondu” ənənəvi olaraq, aztəminatlı, eləcə də qaçqın və məcburi köçkün ailələrinə sovqatlar aparır və onları lazımi məişət avadanlıqlarıyla təmin edir.

 Bunun bariz nümunəsidir ki, bu ilki xeyriyyə sərgisindən əldə olunacaq vəsait, Gəncliyə Yardım Fondunun “Ümidsizlərin Ümidi Ol!”  layihəyəsində istifadə olunması planlaşdırılmışdır. Layihə çərçivəsində hər ay ehtiyac sahibi 50 ailəyə ərzaq paketi paylanacaq, imkansız 50 çalışqan universitet tələbəsinə aylıq təqaüd veriləcək və 50 yoxsul xəstənin dərman ehtiyaclarına maddi dəstək olunacaqdır. Sərginin açılış mərasimində dövlət və hökumət nümayəndələri, QHT rəhbərləri və KİV nümayəndələri iştirak edəcəkdir.

Sərgi 06 mart 2015-ci il, saat 11:00-da Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun Konfrans zalında (Ünvan: Bakı şəh, Cəfərov qardaşları küç., 16, İçəri Şəhər metrosu, Təzə Bəy hamamının yaxınlığında ) keçiriləcəkdir.

Qeyd: Sərgi 3 gün davam edəcəkdir.

Məbuat Şöbəsi