Sosial Fəaliyyətlər Qafqaz Müsəlmanları İdarəsində Türkiyənin Əziz Mahmud Hudayi Vəqfinin fəxri sədri Osman Nuri...

Qafqaz Müsəlmanları İdarəsində Türkiyənin Əziz Mahmud Hudayi Vəqfinin fəxri sədri Osman Nuri Topbaş ilə görüş keçirilib

20

Aprelin 27-də Qafqaz Müsəlmanları İdarəsində Türkiyənin Əziz Mahmud Hudayi Vəqfinin fəxri sədri Osman Nuri Topbaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə ikitərəfli münasibətlərdən, dini məsələlərdən danışılıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan və Türkiyə xalqları arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərindən söhbət açıb. Bu əlaqələrin ölkələrimizin siyasi, iqtisadi, dini, mədəni-mənəvi sahələrdə inkişafına təkan verdiyini vurğulayıb. Şeyxülislam Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar üçün yaradılan bərabər şərait, dini abidələrin tikinti və bərpa işlərinə dövlət səviyyəsində göstərilən qayğı barədə məlumat verib.

Sovet dövründə Azərbaycanda məscidlərin sayının o qədər də çox olmadığını deyən QMİ-nin sədri bildirib ki, müstəqillik illərində ölkəmizdə xeyli sayda məscid tikilərək istifadəyə verilib. Bütün bunlar ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dəstəyi sayəsində mümkün olub.

Allahşükür Paşazadə Osman Nuri Topbaşın elmi fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə Osman Nuri Topbaşın “Haqq din İslam” kitabının təqdimatı da keçirilib.

Akademik Vasim Məmmədəliyev, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, keçmiş İstanbul müftisi Səlahaddin Kaya, Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının Sədri Ahmet Tecim və başqaları çıxış edərək Osman Nuri Topbaşın yaradıcılığını yüksək qiymətləndirib, kitabın mahiyyətindən və əhəmiyyətindən söz açıblar.

Sonda Osman Nuri Topbaş çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib, kitab haqqında məlumat verib.