Sosial Fəaliyyətlər 28 May Respublika Günü Ön Cəbhədə Qeyd Edildi

28 May Respublika Günü Ön Cəbhədə Qeyd Edildi

4

28 May Respublika Günü münasibətilə Tovuzda ön cəbhədə əsgərlərlə və zabitlərlə böyük tədbir keçirilib.

Tədbirdə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin rəhbəri, Milli Məclisin deputatı Qənirə Paşayeva, Azərbaycan-Türkiyə Dərnəkləri Federasiyasının rəsmisi İlham İşbaşı, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev,  “Xocalı Soyqırımını Tanıtma” İB-nin sədri Şamil Sabiroğlu, Qarabağ müharibəsi veteranları və ziyalılar iştirak ediblər.

Əvvəlcə hərbi hissə rəhbərliyi tərəfindən müdafiə nazirinin və korpus komandirinin hərbi heyətə və əsgərlərə təbrik məktubu oxunub.

Tədbirdə çıxış edən Q. Paşayeva ön cəbhədə əsgərlərimizlə, hərbçilərmizlə bir arada olmaqdan və bu gözəl bayramı bərabər keçirməkdən öz məmnunluğunu ifadə edib.

Ali Baş Komandan cənab İlham Əliyevin 28 May Respublika Günü ilə bağlı çıxışında torpaqlarımızın qeyd-şərtsiz qaytarılacağı ilə bağlı mesajına toxunan deputat, “Arzu edirəm ki, gələn bu cür tədbirlərimizi, bayramlarımızı Ali Baş komandan, prezident cənab İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan  azad edəcəyimiz  Dağlıq Qarabağımızda, Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək”, – deyib.

Azərbaycan və Türkiyənin “bir millət iki dövlət”  olduğunu və hərbi hissədə Azərbaycan əsgər və  hərbçiləri ilə birlikdə 28 May Respublika Gününü keçirməkdən məmnun olduğunu deyən Azərbaycan-Türkiyə Dərnəkləri Federasiyasının rəsmisi İlham İşbaşı İzmit də, təmsil etdiyi qurumun təşəbbüsü ilə  Kocaelidə bu ilin fevralında Xocalı Soyqırımı qurbanlarının xatirəsinə abidənin ucaldıldığını və parklardan birinə cənab Prezident İlham Əliyevin adının verildiyini diqqətə çatdırıb. 

Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev,  Xocalı Soyqırımını Tanıtma İB-nin sədri Şamil Sabiroğlu, Qarabağ müharibəsi veteranları, ziyalılar bütün əsgərləri və zabitləri 28 May Respublika Günü münasibəti ilə təbrik edib, onlara ən xoş arzularını çatdırıblar.

Sonra qonaqlar  hərbi xidmətdə fərqlənən əsgər və zabitlərə hədiyyələr təqdim ediblər. Tədbir Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert proqramı ilə davam edib.