Sosial Fəaliyyətlər Türk dünyasının yazarları GYF-də olublar

Türk dünyasının yazarları GYF-də olublar

7

03.06.2015-ci il tarixində Türk dünyasının yazarları Gəncliyə Yardım Fondunda olublar.

Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirdiyi “Şeiri-sənəti, geyimi və mətbəxi ilə Can Azərbaycan” layihəsi çərçivəsində müxtəlif türk dövlət və topluluqlarından gəlmiş ölkəmizə gəlmiş yazarlar Azərbaycanın tarixi, ədəbiyyatı, mətbəx ənənələri ilə tanış olublar.

Layihə çərçivəsində Aşıq Şəmşir Mədəniyyət Ocağında və Gəncliyə Yardım Fondunda düzənlənən silsilə konfrans görüşlərdə qonaqlara Azərbaycanın zəngin mədəni irsi, ədəbi ənənələri, keçmişi və bu günü ilə bağlı geniş məlumat verilib. Tədbiri giriş sözü ilə açan DGTYB-nin idarə heyətinin üzvü, layihə rəhbəri Əfsanə Ələsgərli bildirdi ki, təşkilatın növbəti layihəsinin əsas məqsədi Azərbaycanın zəngin mədəni irsini, ədəbiyyatını, eləcə də dövlətimizin müasir inkişaf modelini türk dünyası yazarlarına daha yaxından tanıtmaqdır.

Gəncliyə Yardım Fondunda təşkil edilən konfransda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı, filologiya elmləri doktoru Almaz Ülvi, Güney Azərbaycan mətbuatı araşdırmaçısı filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, “Ədəbiyyat” qəzetinin baş redaktor müavini Adil Cəmil, türk xalqları ədəbiyyatının bir sıra görkəmli nümayəndələrin əsərlərini Azərbaycan türkcəsinə uyğunlaşdıran və türk ədəbiyyatının araşdırılması məşğul olan filologiya elmləri doktoru Ramiz Əskər və digərlərin məruzələri dinlənildi.Qonaqlara Azərbaycan ədəbiyyatı, mədəni irsi, ortaq türk dəyərləri barədə geniş məlumat verildi. Qeyd edildi ki, ortaq dəyərlərə, ənənələrə və zəngin irsə malik türk xalqları bu cür tədbirlər və qarşılıqlı səfərlər vasitəsi ilə bir-birlərinin mədəni irsini daha yaxşı öyrənir, eləcə də əməkdaşlıqlar üçün perspektivlər yaranır.

Qonaqlar adından danışan Makedoniya parlamentinin üzvü, millət vəkili Enes İbrahim DGTYB-nin həyata keçirdiyi bu cür tədbirlərin türk dünyasının ədəbiyyatı, mədəniyyətinin daha geniş tanıdılması üçün əhəmiyyətli olduğunu vurğuladı. Makedoniyada yaşayan türk əhalisinin həyat tərzi, milli-mədəni ənənələrini qoruması, bu yöndə görülən işlər barədə məlumat verən natiq gələcəkdə də əməkdaşlıqların vacib olduğunu vurğuladı. DGTYB-nin Təsisçilər Şurasının başqanı, yazıçı Əkbər Qoşalı təşkilatın yarandığı gündən hər zaman Azərbaycan ədəbiyyatı başda olmaqla, türk xalqlarının ədəbi-mədəni irsini araşdırmaq, görkəmli şəxsiyyətlərinin yaradıcılığını gənclərə tanıtmaq, elcə də istedadlı gənc yazarların ədəbi ictimaiyyətə tanıdılması baxımından bir sıra işlər görüldüyünü, kitabların nəşr edildiyini, görüş və müzakirələrin keçirildiyini vurğuladı.

O qeyd etdi ki, bu dəfəki səfər çərçivəsində Azərbaycanla daha yaxından tanışlıq qardaş türk xalqları və Azərbaycan arasında sıx dostluq tellərini daha da qüvvətləndirəcək. Onun sözlərinə görə, bu gün Azərbaycanın haq səsinin ucaldılmasında, Qarabağ münaqişəsinin əsl tarixi kökləri və həqiqətlərinin türk dünyasında da duyurulmasında dəyərli ziyalılar, gənc yazarlar da fəallıq göstərirlər. Qeyd edək ki, layihə çərçivəsində ölkəmizə Türkiyə, Özbəkistan, Qırğızıstan, Tatarıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Makedoniya və s. ölkə və topluluqlardan tanınmış yazarlar gəliblər.

Tədbirin sonunda  “Şeiri-sənəti, geyimi və mətbəxi ilə Can Azərbaycan” layihəsinə dəstək olan insanlara fəxri fərmanlar təqdim  edilib. Qeyd edək ki Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev və mətbuat katibi Eldar Kərimov da  fəxri fərmanla təltif ediliblər.