Sosial Fəaliyyətlər “Vergi Məcəlləsindəki Dəyişikliklərin Gənclər Təşkilatlarına Təsiri” Adlı Seminar Keçirilib

“Vergi Məcəlləsindəki Dəyişikliklərin Gənclər Təşkilatlarına Təsiri” Adlı Seminar Keçirilib

7

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən 31 yanvar 2017-ci il tarixində, saat 11:00-da Vergilər Nazirliyinin inzibati binasında “Vergi Məcəlləsindəki dəyişikliklərin gənclər təşkilatlarına təsiri” adlı seminar keçirilib. Seminarda Gəncliyə Yardım Fondunun Mühasibat şöbəsinin əməkdaşları iştirak edib.

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərin məqsədi kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması və vergi mühitinin cəlbediciliyinin artırılması ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsidir. Vergi Məcəlləsinə edilmiş 201 dəyişikliyi – Məcəlləyə 115 yeni maddə əlavənin edilməsi, 83 maddəyə dəyişiklik edilməsi, 3 maddənin ləğvi, 123 maddədə vergi inzibatçılığının, o cümlədən vergi uçotunun təkmilləşdirilməsi və şəffaflaşdırılması, 34 maddədə vergiödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8 maddədə isə vergi yükünün azaldılması və ya vergi güzəştləri və vergidən azadolmalarla bağlı olmasını Azərbaycanın gənclər platforması olaraq yüksək qiymətləndirilir.

Seminar Milli Şuranın üzvü olan gənclər təşkilatlarının rəhbərliyi vəmaliyyə sahəsində çalışan əməkdaşlarının qeyd olunan dəyişikliklər barədə Vergilər Nazirliyinin ekspertləri Samirə Musayeva – Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru, Nicat İmanov- Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini və Nərmin Hacıyeva- Vergi siyasəti və strateji araşdırmalar departamentinin Vergi siyasəti idarəsinin direktoru tərəfindən məlumatlandırılması, vergilərin tam həcmdə ödənilməsi və hesabatların düzgün şəkildə tərtib edilməsini həyata keçirmək istiqamətində təlimatlandırılması məqsədi ilə keçirilib. Vergilər Nazirliyinin mütəxəssisləri tərəfindən gənclər təşkilatlarını maraqlandıran spesifik suallar cavablandırılıb.