Sosial Fəaliyyətlər Cocuq Mərcanlıdan Bəhs Edən Kitabın və Filmin ‎Təqdimatı Olub

Cocuq Mərcanlıdan Bəhs Edən Kitabın və Filmin ‎Təqdimatı Olub

0

Sentyabrın 21-də Bakıda “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabının və “Böyük Qayıdışın başlanğıcı – Cocuq Mərcanlı” filminin təqdimatına həsr olunan tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Cocuq Mərcanlının işğaldan əvvəlki vəziyyətini və bərpası ilə bağlı görülən işləri əks etdirən stendlərə baxıblar.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tədbirdə çıxış edərək bildirib ki, Cocuq Mərcanlıya həsr olunan kitab və film Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə hazırlanıb. 

Diqqətə çatdırılıb ki, son iki yüz ildə ermənilər tərəfindən mütəmadi olaraq zəbt edilmiş Azərbaycan torpaqlarının bir qismi ilk dəfə olaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş Horadiz əməliyyatı zamanı işğaldan azad edildi. O vaxt Füzuli rayonunun bir çox yaşayış məntəqələri, eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi düşməndən geri alındı. Ötən ilin aprel döyüşləri nəticəsində qəhrəman Azərbaycan Ordusunun mühüm strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyini azad etməsi isə əhalinin Cocuq Mərcanlıya qayıdaraq rahat yaşamasına imkan yaratdı.

Prezident İlham Əliyevin iyunun 14-də Cocuq Mərcanlıda ilk qəsəbənin açılışında iştirak etdiyini deyən Baş nazirin müavini bildirib ki, dövlətimizin başçısı Cocuq Mərcanlıya səfəri zamanı burada 23 ildir yaşayan yeganə ailənin – Oqtay Həziyevin ailəsinin qonağı oldu. Uzun illər düşmən mərmisinin atəşləri altında yaşayan bu insanların şücaətini doğma torpağa və Vətənə bağlılıq nümunəsi kimi dəyərləndirdi.

Sonra “Böyük Qayıdışın başlanğıcı – Cocuq Mərcanlı” filmi nümayiş olunub.

Filmin nümayişindən sonra Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabı barədə məlumat verib.

Daha sonra Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyev çıxış edərək Azərbaycan Prezidentinin Sərəncamından sonra kənddə görülən genişmiqyaslı abadlıq-quruculuq işlərindən danışıb, sakinlərin bu prosesdə fəal iştirak etdiklərini diqqətə çatdırıb.

Tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, Gəncliyə Yardım Fondunun Prezidenti, ölkəmizdə akkreditə olmuş diplomatik korpusun və ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.