Sosial Fəaliyyətlər Azərbaycandan Qardaş Türkiyənin Afrin Əməliyyatına Dəstək‎ ‎“Qardaşlığımız Əbədidir” Adlı Tədbir Keçirilib

Azərbaycandan Qardaş Türkiyənin Afrin Əməliyyatına Dəstək‎ ‎“Qardaşlığımız Əbədidir” Adlı Tədbir Keçirilib

2

Türkiyənin Afrində başlatdığı terrorla mübarizə hərəkatını dəstəkləmək və Azərbaycan-Türkiyə qardaşlığının əbədi olduğunu bəyan etmək üçün Azərbaycan QHT-ləri “Qardaşlığımız Əbədidir” devizi altında silsilə tədbirlər keçirmək məqsədilə təşkilat komitəsi yaradıb.

Bununla əlaqədar olaraq 17.02.2018-ci il tarixində Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) təşəbbüsü ilə Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində başladığı “Zeytun budağı” hərbi əməliyyatına dəstək məqsədilə “Qardaşlığımız əbədidir” adlı tədbir keçirilib. İştirakçılar tədbirdən əvvəl Şəhidlər Xiyabanı və Türk şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyublar.

Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adında konfrans zalında baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cumhuriyyətinin İstiqlal marşı ilə tədbir açıq elan edilib. Daha sonra Azərbaycan və Türkiyə qardaşlığından bəhs edən videorolik təqdim edilib.

Tədbiri giriş sözü ilə açıq elan edən təşkilat komitəsinin numayəndəsi Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin Sədri Emin Həsənli Türkiyə Cümhuriyyətinin milli təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunması məqsədilə Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın Afrin bölgəsinə “Zeytun Budağı” adlı hərəkatın Azərbaycan xalqı  tərəfindən dəstəklədiyini bildirib.

Daha sonra çıxış edən Türkiyə Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov Türkiyə Azərbaycan qardaşlığının əbədi olmasından danışaraq heç bir şər qüvvənin bu qardaşlığa mane ola bilməyəcəyini vurğulayıb.

Tədbirə ev sahibliyi edən Gəncliyə Yardım Fondunun prezidenti  Ahmet Tecim Ulu öndər Heydər Əliyevin “İki dövlət, Bir millət” devizini xatırladıb və Türkiyə dövlətini bu haqlı davasında ilk dəstəkləyən dövlətin Azərbaycan Respublikası olduğunu qeyd edib.

Təşkilat Komitəsinin üzvlərindən olan Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyətinin Sədri İlqar Orucov da çıxış edərək Türkiyənin ərazi bütövülüyünü qorumaqda tam haqlı olduğunu qeyd edib və həyata keçirdiyi əməliyyat tədbirlərində Türkiyənin yanında yer almağımızın təbii bir məsələ olduğu söyləyib.

Tədbirdə çıxış edən Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı Türkiyənin Afrində həyata keçirtdiyi terrorla mübarizə hərəkatını dəstəklədiyimizi, bundan sonra da lazım olan hər cür qardaş köməyinə hazır olduğumuzu vurğulayıb.

Tədbirin sonunda Müasir İnkişaf İctimai Birliyinin sədri Mübariz Göyüşlü tədbir iştirakçılarına qəbul olunmuş bəyanatı səsləndirib.

“Qardaşlığımız Əbədidir” tədbirində kütləvi informasiya vasitələrinin  nümayəndələri, aprel döyüşlərində iştirak etmiş qazilər, şəhid valideyinləri, qarabağ döyüşlərinin qaziləri və digər ictimaiyyət nümayəndələri iştirak edib.

Sonda tədbir iştirakçılarının bəyanatı Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Erkan Özorala təşkilat komitəsinin nümayəndə heyəti tərəfindən Türkiyənin Azərbaycandaki Səfirliyində təqdim olunub.