Sosial Fəaliyyətlər “Azərbaycan və Türkiyə qardaşlığının dünəni, bugünü və sabahı” mövzusunda ‎elmi-praktik konfrans keçirilib

“Azərbaycan və Türkiyə qardaşlığının dünəni, bugünü və sabahı” mövzusunda ‎elmi-praktik konfrans keçirilib

0

2018-ci ilin fevral ayında Azərbaycan Respublikasının bir qrup qeyri-hökumət təşkilatı tərəfindən yaradılan “Qardaşlığımız Əbədidir” adlı təşkilat komitəsi 15 mart 2018-ci ildə ADPU-da “Azərbaycan və Türkiyə qardaşlığının dünəni, bugünü və sabahı” mövzusunda elmi-praktik konfrans keçirib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri oxunub, “Qardaşlığımız əbədidir” videoroliki nümayiş etdirilib.

 Daha sonra Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov, Türkiyə Cümhuriyyəti Baş Nazirliyinin müşaviri Birol Dok, ADPU Tarix və Coğrafiya fakültəsinin dekanı, fəlsəfə doktoru Şahin Pənahov, ADİU Türk Dünyası İqtisad fakultəsinin dekanı, fəlsəfə doktoru Fərrux Tuzcuoğlu, Xəzər Universitetinin müəllimi, fəlsəfə doktoru Telman Nüsrətoğlu, Marmara Universiteti Türkiyyat Araşdırmalar İnistitunun dosenti Mehdi Gəncəli, BDU Jurnalistika fakultəsinin dekanı, fəlsəfə doktoru Vüqar Zifəroğlu Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı, XIX əsrin sonu XX əsrin əvvəllərində Anadolu və Azərbaycan coğrafiyası arasında qarşılıqlı yardım fəaliyyətləri, Azərbaycan-Türkiyə arasında sosial yardımlaşmalar, iki ölkə arasındakı tarixən mövcud olmuş əlaqələr, müasir durum və perspektivlər mövzusunda çıxış ediblər.

Məlumat üçün bildirək ki, QHT-lərdən ibarət “Qardaşlığımız Əbədidir” adlı təşkilat komitəsinin ilk tədbiri Türkiyənin terrorla mübarizə məqsədilə Suriyanın Afrin bölgəsində “Zeytun Budağı” adlanan hərbi hərəkatına dəstək məqsədilə 17 fevral 2018-ci il tarixində baş tutub. Tədbir Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarətlə başlayıb daha sonra Gəncliyə Yardım Fondunda rəsmi hissə ilə davam edib. Tədbirin sonunda qəbul olunmuş bəyanat təşkilat komitəsinin nümayəndələri tərəfindən Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Erkan Özorala təqdim edilib.