Sosial Fəaliyyətlər Azərbaycanlıların Soyqırımı və Dağlıq Qarabağ Həqiqətləri Avropa İctimaiyyətinə ‎Çatdırılıb

Azərbaycanlıların Soyqırımı və Dağlıq Qarabağ Həqiqətləri Avropa İctimaiyyətinə ‎Çatdırılıb

10

Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Gəncliyə Yardım Fondu tərəfindən “Azərbaycanlıların soyqırımı və Dağlıq Qarabağ həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması” layihəsi çərçivəsində 22 aprel 2018-ci il tarixində Belçikanın Antverp şəhərində “Türkiyə Azərbaycan Əlaqələri və Ermənistan Problemi” mövzusunda konfrans keçirilib.

Konfrans Antverp şəhərindəki Türk mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gəncliyə Yardım Fondu Türkiyənin “Beynəlxalq Əməkdaşlıq və İnkişaf” Dərnəyi və Belçika Türk Mədəniyyət Mərkəzinin birgə əməkdaşlığı ilə baş tutub.

Tədbiri Belçika Türk Mədəniyyət Mərkəzinin başqanı Bilal Darıyalı açıq elan edib, qonaqları salamlayıb və  tədbir haqqında məlumat verib.

Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun layihə koordinatoru Namiq Sərdarlı qonaqlara Ermənilər tərəfindən Azərbaycanlılara qarşı  törədilən soyqırım haqqında məlumat verdikdən sonra qeyd edib ki, son bir əsirdə ermənilər Qafqaz çoğrafiyasında dörd dəfə fərqli tarixlərdə Azərbaycan Türklərinə qarşı soyqırım həyata keçirib. Bütün bunlara baxmayaraq Türk və İslam düşmənçiliyi güdən bütün dünya ölkələri Türk dünyasını 24 aprel günü soyqırımla günahlandırır. Fəqət 26 il əvvəl Xocalıda ermənilər tərəfindən törədilən soyqırım haqqında heç kim danışmaq istəmir. Həmin soyqırımın şahidləri bu gün də həyatdadır ancaq dünya hələ də bu ədalətsizliyə göz yumur.  Natiq eyni zamanda Azərbaycan Türkiyə qardaşlığının sadəcə sözdə yox əməldə olduğunu və bu sarsılmaz qardaşlıq nümünəsini Balkan savaşı, Çanaqqalə Savaşı, Kurtuluş Savaşı və 1918 ci ildə Nuri paşanın Rəhbərliyi altında Bakıya gələn Qafqaz islam ordusunun timsalında da  göründüyünü deyib.   

Tədbirdə çıxış edən Türkiyə Nişantaşı Universitetinin müəllimi beynəxlxalq əlaqələr üzrə mütəxəssis Prof.Dr. Ragıp Kutay Karaca 1918-ci illərdə baş verən hadisələrə o cümlədən erməni vandalizminin tarixinə beynəlxalq arenadakı ikili yanaşmalardan söz açıb. Cənab Karaca qeyd edib ki,  tarixin müxtəlif səhifələrində ermənilər tərəfindən Türklərə qaşı törədilən soyqırım hadisələrinə hələ də hüquqi qiymət verilməsə də  biz çalışmalıyıq ki haqq səsimizi daha çox insana çatdıraq və bütün insanlığı tarixi həqiqətlərdən agah edək.

Azərbaycan Xəzər Universitetinin müəllimi tarixçi-yazar Dr.Telman Quliyev isə öz çıxışında XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan və Türkiyə arasındakı qarşılıqlı yardım fəaliyyətləri və yenə XIX əsrin sonu XX əsrin əvvəllərində erməni terror təşkilatları olan Armenakan, Xıncaq və Daşnaqsütünun arxiv sənədləri əsasında Azərbaycan və Anadolu coğrafiyasında həyata keçirmiş olduqları müsəlman-türk qətliamları haqqında qonaqlara geniş məlumat verib.

Tarixi həqiqətləri avropa insanına və yetişməkdə olan gənc nəsilə çatdırmaq üçün həyata keçirilən tədbirdə UKİD Avrupa koordinatoru Səlahəttin Saygın, rəsmilər,  qeyri hökumət təşkilatlarının nümayəndələri, tələbələr və mətbuat nümayəndələri iştirak edib. Tədbir iştirakçılarına ingilis və türk dillərində tarixi həqiqətləri özündə əks etdirən məlumat broşurları paylanıb.

Qeyd edək ki, Layihə erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə həyata keçirilir.