Sosial Fəaliyyətlər Gəncliyə Yardım Fondunun Prezidenti Dövlət Komitəsinin Sədri ilə Görüşüb

Gəncliyə Yardım Fondunun Prezidenti Dövlət Komitəsinin Sədri ilə Görüşüb

2

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ilə görüşüb.

Komitə sədri Rövşən Rzayev iki dost və qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, ölkəmizdəki qaçqın və məcburi köçkün probleminin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

 Ərazilərimizin işğalı zamanı qaçqın və məcburi köçkünlər üçün qardaş Türkiyə tərəfindən edilən humanitar yardımları xatırladıb, bu dəstəyə görə təşəkkürünü bildirib.

R.Rzayev Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün geniş imkanların olduğunu, qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə ictimai dəstəyin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin apardığı siyasətin mərkəzində ölkə vətəndaşlarının, o cümlədən məcburi köçkünlərin rifahı dayanır. Bu kateqoriyadan olan soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyeva həmin tədbirləri daim diqqətdə saxlayır, məcburi köçkünlərin yeni mənzillərlə təminatı məsələsinə xüsusi qayğı göstərir.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verib. Fondun müharibə iştirakçıları, şəhid ailələri ilə yanaşı, məcburi köçkünlərlə də bağlı layihələr gerçəkləşdirdiyini vurğulayıb. Müqəddəs Ramazan ayında Cocuq Mərcanlıda yerli sakinlərlərlə görüşdüklərini, burada yaradılan şəraitlə yaxından tanış olduqlarını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.