Sosial Fəaliyyətlər Xalq Artisti Alim Qasımov GYF-də İstedadlı Gənclərlə Görüşüb

Xalq Artisti Alim Qasımov GYF-də İstedadlı Gənclərlə Görüşüb

15

GYF-nin Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Azərbaycanın xalq artisti, dünya şöhrətli muğam ustası Alim Qasımovun və sənətkarın qızı, əməkdar artist Fərqanə Qasımovanın Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında müxtəlif universitetlərdə oxuyan istedadlı gənclərlə görüşləri baş tutub. Görüşdə Gəncliyə Yardım Fondunun rəhbərliyi, müəllim heyəti və fəal gənclər iştirak edib.

BİGA-nın koordinatoru Şükür Əndəlifov qonaqları salamlayaraq,  Bakı İstedadlı Gənclər Akademiyasının gənclərin intellektual səviyyələrinin inkişafı üçün həyata keçirdiyi fəaliyyətləri haqqında məlumat verib.

Daha sonra çıxış edən xalq artisti Alim Qasımov  mənəvi dəyərlərin inkişafında milli dəyərlərin rolu haqqında gənclərə məlumat verib. Sənətkar Azərbaycan xalqının milli sərvətlərindən biri olan muğamın insan həyatına müsbət təsirindən, insan mənəviyyatının zənginləşməsində əvəzsiz rolundan və dünya musiqiçilərinin muğama qarşı olan müsbət münasibətindən danışıb.

Görüşün ikinci hissəsində Azərbaycanın xalq artisti, dünya şöhrətli muğam ustası Alim Qasımovun və sənətkarın qızı, əməkdar artist Fərqanə Qasımovanın birlikdə gözəl muğam ifaları gənclərə təqdim edilib. 

Görüşün sonunda Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqları salamlayıb və onların  dəyərli vaxtlarını ayıraraq gənclərlə görüşdükləri və dəyərli məlumatlar verdikləri üçün  təşəkkür edib. Daha sonra Gəncliyə Yardım Fondunun rəhbərliyi tərəfindən qonağa xatirə hədiyyəsi təqdim olunub və məşhur qonaqlarla xatirə şəkili çəkilib.